Bakı – APA. Fövqəladə Hallar Nazirliyi ölkəmizdə səfərdə olan yaponiyalı məsləhətçilərdən ibarət missiya ilə birgə seminar keçirib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminarda iştirak edən Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin əməkdaşları Ryuiçi Hara, Hideki Araki, Tsutomu Kurihara və Kazuto Suzuki yanvarın 16-dan başlayaraq Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Respublika Seysmoloji Xidmət Mərkəzində görüşlər keçiriblər və müvafiq sorğular aparıblar.
Zəlzələ və digər təbii fəlakətlərlə bağlı texniki məsləhətlər və sorğu zamanı toplanmış məlumatlara dair təhlil olunmuş rəylərin təqdim edilməsi məqsədilə keçirilən seminarda Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları iştirak ediblər.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov tədbir iştirakçılarına fəlakətlərin idarə olunması və qarşısının alınması sahəsində görülən işlər barədə məlumat verib. Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan üzrə proqram əlaqələndiricisi Nigar İsmayılova bu agentliklə ölkəmizin uyğun qurumları arasında əməkdaşlıqdan bəhs edib, məsləhətçilər qrupu adından çıxış edən Tsutomu Kurihara isə Yaponiyanın fəlakətlərin idarə olunması və qarşısının alınması sektoru üzrə təcrübəsi, həmçinin, zəlzələ və digər təbii fəlakətlərə cavab olaraq texniki məsləhətlər və sorğu zamanı toplanmış məlumatlara dair təhlil olunmuş rəyləri Azərbaycan tərəfinə təqdim edib. Sonra mövzularla bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.