Sumqayıtda “Dini radikalizm və terror” mövzusu müzakirə edilib

Sumqayıtda “Dini radikalizm və terror” mövzusu müzakirə edilib
# 28 oktyabr 2016 00:09 (UTC +04:00)

Oktyabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şöbəsinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhəri “Tarix” muzeyində “Dini radikalizm və terror” mövzusunda tədbir keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov müstəqilliyimizin ilkin dövrlərində ölkəmizə ayaq açan humanitar təşkilatların fəaliyyətləri, onların apardığı dini təbliğatın nəticəsində formalaşan zərərli dini ideologiya daşıyıcısı olan şəxslərin özlərinə sosial baza yaratmaq cəhdləri və nəticədə dövlət-din münasibətlərinə verdiyi zərərlər haqqında danışıb, dünyada dini və milli zəmində baş verən münaqişələr, ölkəmizə qarşı olan dini təhdidlər barədə fikirlərini bildirib.

DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini Yalçın Abdullayev qeyri-qanuni şəkildə fəaliyyət göstərən zərərli dini cərəyanlar haqqında məlumat verib, onların təbliğat metodologiyası, fəaliyyət istiqamətləri haqqında danışıb. Qeyd edib ki, ictimai həyatda hər gün qarşılaşdığımız dindarlar, dini fəaliyyətlər haqda fikirlərimiz və münasibətimiz humanizm prinsiplərinə əsaslansa da, onların fəaliyyətlərinin nəticələrini öyrəndikdə, təhlillər aparıldıqda gəlinən nəticə budur ki, zərərli dini cərəyanların apardığı təbliğatların məqsədi tarix boyu əldə etdiyimiz milli-mənəvi dəyərlərin məhvinə, şəhidlərimizin qanı bahasına qurub yaratdığımız dövlətçiliyimizin əsaslarının sarsıdılmasına yönəlib.

Sonra çıxış edən DTX-nın Sumqayıt şəhər İdarəsinin əməkdaşı Elçin İsgəndərov müxtəlif dini cərəyanların yaranması tarixindən danışıb. O qeyd edib ki, suverenliyimizi təhdid altına alan dini-ekstremist qrupların fəaliyyətlərinin qarşısının alınması dövlət orqanları tərəfindən layiqincə həyata keçirilir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR