Azərbaycanın Xocalı soyqırımı ilə bağlı Haaqa məhkəməsinə müraciət edə bilməməsinin səbəbi açıqlanıb

Azərbaycanın Xocalı soyqırımı ilə bağlı Haaqa məhkəməsinə müraciət edə bilməməsinin səbəbi açıqlanıb
# 17 fevral 2016 13:35 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanın Xocalı soyqırımı ilə bağlı beynəlxalq Haaqa məhkəməsinə müraciət edə bilməməsinin səbəbi açıqlanıb.

APA-nın məlumatına görə, bu barədə bu gün Milli Məclisdə keçirilən “Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində” adlı tədbirdə Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov bildirib. O deyib ki, bunun səbəbi Haaqada yerləşən məhkəmədə sırf bu məsələ ilə bağlı orqanın olmamasıdır: “Orada Yuqoslaviya hadisəsi ilə bağlı məhkəmə fəaliyyət göstərir ki, bu, sırf 90-cı illərin əvvəlində orada baş verən hadisələri araşdırır. Ruanda hadisəsi ilə bağlı tribunal da var. Livanın baş nazirinə qarşı sui-qəsdlə bağlı da məhkəmə var. Bir də beynəlxalq cinayət məhkəməsi fəaliyyət göstərir ki, bu da 2000-ci ildən sonrakı hadisələri araşdırır. Çox təəssüf ki, Xocalı soyqırımını araşdıra biləcək hüquqi orqan yoxdur. Bir nəfərin ölümü ilə bağlı orada məhkəmə orqanı var, amma belə kütləvi soyqırımı ilə bağlı yoxdur. Bu, ikili standartların nəticəsidir”.

N. Səfərov deyib ki, Xocalı soyqırımı baş verən zaman Azərbaycan qanunvericiliyində soyqırımı ilə bağlı müddəa nəzərdə tutulmayıb: “Bu, 1999-cu ildə Cinayət Məcəlləsində əksini tapdı. BMT-nin soyqırımı ilə bağlı müvafiq konvensiyalarını ratifikasiya edərək bunu Cinayət Məcəlləsinə köçürdük. Amma beynəlxalq hüquqi sənədlər imkan verir ki, hətta soyqırımı törədilən zaman milli qanunvericilikdə bu soyqırımı törədənin məsuliyyətə cəlb edilməsinə dair müddəa olmasa belə, onunla bağlı sonradan cinayət işi başlana, məsuliyyətə cəlb oluna bilər”.

Deputat Qüdrət Həsənquliyev bildirib ki, Xocalı soyqırımına baxılması üçün Haaqa məhkəməsində aidiyyəti orqanın yaradılması məsələsi çoxdan qaldırılmalıydı: “Belə çıxır ki, gecikmişik. Məsələn biz Haaqa məhkəməsində beynəlxalq cinayətlərlə bağlı nizamnaməni ratifikasiya etməliyik. Bunu ratifikasiya etmiriksə, Xocalı ilə bağlı necə müraciət edə bilərik?”

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR