Rusiyanın səhiyyə nazirinin müavini İTSDA mütəxəssisləri ilə görüşüb

Rusiyanın səhiyyə nazirinin müavini İTSDA mütəxəssisləri ilə görüşüb
# 21 aprel 2017 13:14 (UTC +04:00)

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) mütəxəssisləri Rusiyanın Səhiyyə Nazirliyinin dəvəti ilə aprelin 19-u və 20-də Moskva şəhərində işgüzar səfərdə olub. İTSDA-dan APA-ya verilən xəbərə görə, agentliyin direktorunun müavini Nigar Bayramovanın rəhbərlik etdiyi nümayəndə heyətini Rusiyanın səhiyyə nazirinin müavini Dmitriy Kostennikov qəbul edib.

Nazir müavini görüşdə Rusiyada icbari tibbi sığortanın tətbiqi təcrübəsi haqqında geniş məlumat verib. O, icbari tibbi sığorta sistemi çərçivəsindən vətəndaşlara göstərilən xidmətlər, onların əlçatanlığı, dəyərinin hesablanması və göstərilən tibbi xidmətlərin keyfiyyətinə nəzarət sistemləri sahəsində Rusiyada mövcud qanunvericilik bazası haqqında danışıb, məlumat verərək,  İTSDA ilə mümkün əməkdaşlıq istiqamətləri haqqında söhbət açıb.

Agentliyin direktoru müavini Nigar Bayramova prezidentin sərəncamı ilə 2017-ci ildən Azərbaycanda tətbiq edilən icbari tibbi sığortanın pilot layihəsinin gedişatı haqqında məlumat verib.

Səhiyyə Nazirliyinin və Rusiya Federasiyasının icbari tibbi sığorta fondunun nümayəndələri İTS proqramı və tibbi xidmətlər, sığorta ödənişləri və vergilər, tibbi xidmətlərin ödənişi, tibb müəssisələri və onların fəaliyyətinə nəzarət, İTS üzrə məlumatların toplanma və təhlili və sair istiqamətlərdə Azərbaycan heyətini maraqlandıran sualları cavablandırıblar. İTS tətbiqi ilə əlaqədar mümkün çətinliklər və onların aradan qaldırılması sahəsində Rusiyanın təcrübəsi haqqında ətraflı məlumat verilib.

Görüşün yekununda Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Rusiya Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Fondu arasında gələcək əməkdaşlıq istiqamətləri müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR