Suriyanın Hələb şəhərində orta məktəb atəşə tutulub, nəticədə 3 şagird ölüb, 10 uşaq ağır yaralanıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, şəhərin terrorçuların nəzarətində olan şərq hissəsindən Hay əl-Əndəluz rayonunda yerləşən məktəbin binasına mərmi və qaz balonu atılıb.
“Eyni vaxtda terrorçular Əl-Maşarqa rayonundakı humanitar dəhlizə atəş açıblar, nəticədə 12 dinc sakin ölüb, 20-dən çox şəxs yaralanıb”, - deyə general qeyd edib.
“Nə üçün YUNİSEF və BMT TŞ-nin bəzi daimi üzvləri bu faktları qətiyyən görmək istəmirlər?”, - deyə o əlavə edib.
Qeyd edək ki, ötən gün İdlib əyalətində yerləşən məktəbə hücum nəticəsində 22 uşaq və 6 müəllim ölüb.
Bəzi qərb KİV-ləri hadisədə Rusiyanı günahlandırıblar.