Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birlik, birləşmə, qoşun qisimləri və xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyətlə iş üzrə zabit heyətinin nümayəndələri ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir döyüş və mənəvi-psixoloji hazırlıq işinin hazırkı vəziyyəti ilə bağlı ətraflı təhlil apararaq bu istiqamətdə fəaliyyətlərin daha da yüksək səviyyədə təşkili, hərbi qulluqçuların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, müasir silah və texnikanı dərindən bilməsi və bir çox məsələlərlə bağlı fikirlərini toplantı iştirakçılarının diqqətinə çatdırıb.
2016-cı ilin cari dövründə Silahlı Qüvvələrimizin döyüş və mənəvi-psixoloji hazırlıq, həmçinin digər vacib sahələrdə qazandığı mühüm uğurlardan danışan nazir, bütün nailiyyətlərimizin əsasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının dayandığını xüsusi qeyd edib.
Sonda nazir döyüş və mənəvi-psixoloji hazırlıq işinin daima gücləndirilməsi ilə bağlı konkret tapşırıqlarını şəxsi heyətin diqqətinə çatdıraraq əmin olduğunu bildirib ki, Silahlı Qüvvələrimiz xalqın və dövlətin etimadına cavab olaraq qarşıda qoyulan bütün tapşırıqları bundan sonra da qətiyyətlə yerinə yetirəcək.