Avropa Liqasında qrup mərhələsinin IV turunun hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçiləri “Qəbələ” və “Qarabağ”ın qarşılaşmalarının da ədalət təmsilçiləri müəyyənləşib.
Bakıda Fransa təmsilçisi “Sent-Etyen”i qəbul edəcək “Qəbələ”nin matçı ispaniyalı hakimlərə tapşırılıb. Oyunu Karlos Del Serro Qrande idarə edəcək. Onun köməkçiləri Xuan Karlos Yuste Ximenez və Roberto Alonso Fernandez olacaq.
Görüşün əlavə köməkçi hakimləri kimi Xuan Martinez Munuera və İnaki Visandi Qarrido meydana çıxacaq. Dördüncü hakim funksiyasını Abraham Alvarez Kanton yerinə yetirəcək. Hakimlərin işinə türkiyəli Muharrem Zihni Aksoy qiymət verəcək. Matçın UEFA nümayəndəsi isə yunanıstanlı Aristeidis Stavropoulos olacaq.
Salonikidə PAOK-un qonağı olacaq “Qarabağ”ın görüşündə ədaləti şotlandiyalı hakimlər briqadası qoruyacaq. Matçda Con Biton fit çalacaq. Ona Duqlas Potter və Alastair Mater kömək edəcək.
Qarşılaşmanın əlavə hakim köməkçiləri Steven Maklin və Donald Robertson, dördüncü hakimi Şon Karr olacaq. Onların işinə Darko Ceferin (Sloveniya) qiymət verəcəksə, UEFA nümayəndəsi kimi matça Gennadi Skurtul (Moldova) təyinat alıb.
Qeyd edək ki, noyabrın 3-də baş tutacaq “Qəbələ” – “Sent-Etyen” matçı saat 22:00-da, PAOK – “Qarabağ” oyunu Bakı vaxtı ilə 00:05-də start götürəcək.