ABŞ: Türkiyənin terrordan müdafiə üçün bütün mümkün imkanlardan istifadə etmək haqqı var

ABŞ: Türkiyənin terrordan müdafiə üçün bütün mümkün imkanlardan istifadə etmək haqqı var
# 19 fevral 2016 07:08 (UTC +04:00)

Bakı-APA. ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi ənənəvi mətbuat konfransında Türkiyədə törədilən partlayışla bağlı mövzulara toxunub.

APA-nın xəbərinə görə, Con Kirbi deyib ki, Ankarada törədilən partlayış terror aktıdır və orada günahsız insanların hədəfə götürüldüyü açıq-aşkar görünür: “Türkiyənin dünyanın terror təhlükəsi ilə üz-üzə qalan hər hansı ölkəsi kimi xalqını hücumlardan qorumaq üçün bütün mümkün imkanlardan istifadə etmək haqqı var. Hazırda YPG-nin Suriyada daha konstruktiv addımlar atmasını və Türkiyənin sərhədin qarşı tərəfindən top atışlarını dayandırmasını arzulayırıq”.

Con Kirbi əlavə edib ki, hazırda Suriyada İŞİD-ə qarşı ən effektli mübarizəni kürd döyüşçülər aparır: “Kürd döyüşçülərin yeni ərazilər əldə etmək cəhdləri İŞİD-ə qarşı əməliyyatlar üçün zərərlidir. Suriyada kürd döyüşçülərə İŞİD-lə mübarizə müddətində havadan dəstək veriləcək. Amerika Birləşmiş Ştatlarının NATO müttəfiqi olan Türkiyə ilə daha yaxından əməkdaşlıq edəcəyinə heç kimin şübhəsi olmasın. Türkiyə bir dövlətdir, İŞİD-ə qarşı vacib müttəfiqdir. Bu, bir ölkəni Suriyada cəsur kürd döyüşçülərlə bərabər tutmaq deyil”.

Departament sözçüsü Türkiyənin kürd döyüşçülərin ölkə sərhədlərinə yaxınlaşmasından keçirdiyi narahatlığı başa düşdüklərini diqqətə çatdırıb: “Biz kürdlərlə danışıqlar aparmağa davam edəcəyik. Suriyada kürdlərə yarı muxtariyyət verilməsini dəstəkləmirik”.

Con Kirbi Ankarada terror aktının hansı qruplaşmanın törətməsi barədə dəqiq məlumata malik olmadıqlarını vurğulayıb: “Partlayışa görə məsuliyyət daşıyanın kimliyi təsdiq və ya inkar etmək imkanımız yoxdur”.

Qeyd edək ki, fevralın 17-də Ankarada törədilən partlayış nəticəsində 28 nəfər ölüb, 61 nəfər xəsarət alıb. Prezident Rəcəb Tayyib Ərdoğan partlayışı PKK terror təşkilatının Suriyadakı qanadı PYD-nin YPG qruplaşmasının törətdiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR