KİV: Stoltenberqin Ukrayna ilə bağlı təklifi NATO-da fikir ayrılıqları yaradıb

KİV: Stoltenberqin Ukrayna ilə bağlı təklifi NATO-da fikir ayrılıqları yaradıb
# 04 aprel 2024 12:39 (UTC +04:00)

NATO-nun baş katibi Yens Stoltenberqin Ukraynaya 100 milyard dəyərində yardım paketı ayırmaq təklifi alyans üzvləri arasında fikir ayrılıqları yaradıb.

APA-nın məlumatına görə, bu barədə “Politico” nəşri yazıb.

Məqalədə bildirilir ki, sözü gedən hərbi ittifaqın xarici işlər nazirləri paketə zərurətin olub-olmaması, eləcə də məbləği ilə bağlı yekdil mövqeyə gələ bilməyiblər:

“Baş katibin planı NATO-nun Rusiya Ukrayna münaqişəsindəki rolunun dəyişməsinə səbəb olacaq. Çünki istənilən halda qurumun 32 ölkəsi rəsmi Kiyevi istər maliyyə, istərsə də silah-sursatla təmin edir. Maliyyə vəsaitinin ayrılması ABŞ-nin öncüllük etdiyi “Ramştayn formatı” vasitəsilə həyata keçirilir. NATO-nun bu rolu üzərinə götürməsi isə onun səlahiyyətlərindən kənara çıxaraq, sırf hərbi təchizat məsələləri ilə məşğul olmasına gətirib çıxaracaq”.

Qeyd olunub ki, bu cür radikal dəyişikliyin həyata keçirilməsi üçün alyans üzvləri vahid mövqedən çıxış etməlidir. Lakin aprelin 3-də keçirilmiş görüş bunun belə olmadığını göstərib:

“Həmin görüşdə Belçikanın xarici işlər naziri Aja Labib bildirib ki, təşkilat yerinə yetirə bilməyəcəyi vədlər verməkdən çəkinməlidir. Çexiyanın baş diplomatı Yan Lipavski isə bu təşəbbüsü alqışladıqlarını bildirib. Əlavə edib ki, bunun üçün ayrılacaq maliyyə vəsaitinin praktik aspekt və detalları ilə tanış olmaq son dərəcə vacibdir”.

İspaniya tərəfi də məsələyə münasibətini açıqlayıb. Xarici işlər naziri Xose Manuel Albares söyləyib ki, ölkəsi bu məsələyə etiraz etmir. Lakin veriləcək maliyyə dəstəyinin məbləği dəqiq müəyyənləşdirilməlidir. Onun sözlərinə görə, benefisiarlar əvvəlcə Ukraynada demokratiya, suverenlik, eləcə də ərazi bütövlüyünün qorunub saxlanılması üçün nə qədər vəsait tələb olunduğunu aydınlaşdırmalıdır.

Qeyd edək ki, bir qədər əvvəl bəzi Qərbi Avropa ölkələrindən Ukraynaya vəsait ayrılmasının Avropa İttifaqının etibarlı müdafiəsi istiqamətindəki səyləri təhlükə qarşısında qoya biləcəyi barədə silsilə bəyanatlar səsləndirilib.

Fərid Azəri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR