Bakı - APA-Economics. Enerji effektivliyinin artırılması üçün Avropa İttifaqı (Aİ) tamamilə inteqrasiya olunmuş enerji bazarının yaradılmasını qarşısına şərt kimi qoyub. "APA-Economics" xəbər verir ki, bunu Avropa Komissiyasının sədr müavini Maroş Şevçoviç deyib.
"Tamamilə inteqrasiya olunmuş bazar bizim qaz və elektrik enerjisi xəritəmizdə hər hansı sərhədlərin olmaması deməkdir. İstehlakçıya enerjinin mənbəyi maraqlı deyil. Əsas amillər texnologiya, qiymət, xidmətin keyfiyyəti, təhlükəsizlik səviyyəsidir. İstehlakçıların rəqabətqabiliyyətli bazarda daha çox seçim imkanı olmalıdır", - deyə M. Şevçoviç qeyd edib.
Avropa Komissiyasının rəsmisi bildirib ki, qurum ilin sonunadək vahid elektrik enerjisi bazarının yaradılmasına dair layihənin hazırlanmasını yekunlaşdıracaq. Komissiya həmçinin Avropa bazarındakı enerji qiymətlərinə və onların formalaşmasına təsir edən amillərə dair analiz də dərc edəcək.