İsveçrə SIKA şirkətinin təsisçiləri səhmdar statusunu itirə bilərlər. "APA-Economics" "Financial Times" qəzetinə istinadən xəbər verir ki, SIKA-nın Direktorlar Şurası 2 illik məhkəmə çəkişmələrindən sonra şirkətin təsisçilərinin səhmlərini almağı təklif edib.
SIKA-nın sədri Paul Holq (Paul Hälg) bildirib ki, cümə günü məhkəmə təsisçilər tərəfindən şirkətin səhmlərinin nəzarət paketinin Fransanın "Saint-Gobain" şirkətinə satılmasına qadağa qoyub və artıq bu məsələ bitmiş hesab olunmalıdır.
Xatırladaq ki, 2014-cü ilin dekabr ayında "Saint-Gobain" SIKA-nı satın almaq üçün təsisçilərə 2,75 mlrd. İsveçrə frankı təklif edib. Bundan isə şirkətin digər səhmdarları, o cümlədən "Bill & Melinda Foundation Trust" fondu da xəbərsiz olub.
Şirkətin nizamnamə kapitalında təsisçilərin payı 16%-ə, səsvermə hüququ isə 52%-ə bərabərdir. Təsisçilərdən Urs Burkard şirkətin satılması ilə bağlı qərar verib. Buna baxmayaraq, Direktorlar Şurasının üzvləri şirkətin nizamnaməsində nəzərdə tutulan "səsvermə hüququnun məhdudlaşdırılması" bəndindən istifadə edərək bu sövdələşməyə qarşı çıxıblar.
P. Holq yerli mətbuata bildirib ki, hal-hazırda birgə qərar vermək və həll yolunu tapmaq vaxtıdır. O əlavə edib ki, SIKA təsisçilərin paylarını özəlləşdirə bilər, lakin təklifin detalları barədə açıqlama verməyib.
Qeyd edək ki, SIKA şirkəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusunu almaq niyyətindədir. Bu barədə Bakıda keçirilən Azərbaycan hökuməti və İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyasının iclasında bildirilib.
Şirkət sənaye parkının ərazisində tikinti qarışıqları istehsal etməyi planlaşdırır. İlkin olaraq 5 mln. dollar investisiya qoymağı planlaşdırır.