Bakı - APA-Economics. Bakıda ölkənin ən böyük karyera və təhsil sərgisi olan XX Beynəlxalq Təhsil Sərgisi keçirilib.
“APA-Economics”in məlumatına görə, “Gilan Holding” ölkənin ən böyük işə qəbul potensialı olaraq bu sərgidə iştirak edib. Holdinq sərgidə müxtəlif vakansiyalarla təmsil olunub. “Gilan Holding” sərgi çərçivəsində əlavə olaraq seminar da keçirib.
“Gilan Holding”in İşə qəbul departamentinin nümayəndəsi Vüsal Muradov bildirib ki, seminarı əhatə edən mövzular iş axtaranları maraqlandıran mövzulara həsr olunub: “CV-lərin hazırlanması, müsabiqələrdə iştirak etməyin yolları, işə götürənlərin tələbləri seminarın əsas mövzularındandır. Xüsusilə, seminarda “Gilan Holding”in namizədlərdən gözləntiləri nədir?”, “Holdinq işçini hansı qaydalar çərçivəsində işə götürür?”, “Holdinqə necə müraciət etmək olar?” kimi suallarla bağlı məlumatları onlarla bölüşəcəyik. Təcrübəmizdən qaynaqlanaraq onların işə qəbul olunarkən və ya iş axtararkən qarşılaşdıqları çətinliklər, şirkətlə əlaqəli suallara seminar ərzində cavab veriləcək”.
V. Muradov deyib ki, “Gilan Holding” böyük şirkət olduğundan və vakansiyalar digər şirkətlərlə müqayisədə kifayət qədər çoxdur: “Çalışırıq ki, iş axtaranlarla daha yaxın olaq. Əlbəttə, bizim də öz hədəf qruplarımız var. İş axtaranları işə cəlb etməyin bir yolu bu cür sərgilərdə iştirak etmək və seminarların keçirilməsidir. Bundan öncə də belə seminarlar keçirilib. Çalışırıq ki, mütəmadi olaraq universitetlərdə belə seminarlar təşkil edək. Keçən il də “Expo Mərkəzi”ndə seminar keçirmişdik. Bu tədbir də kifayət qədər maraqla qarşılanıb və faydalı olub. Keçən il iştirak etdiyimiz karyera sərgisində 7 nəfər “Gilan Holing”ə işə götürülüb. Təbii ki, müraciətlər daha çox idi. Ötən il yalnız 40-dan artıq vakansiyaya sərgi vaxtı 1 000 nəfərdən artıq müraciət edib. 200 nəfər müsabiqəyə çağırılıb, müvafiq testlərdən keçiblər, müvəffəqiyyət qazanan 7 nəfər seçilib və bu gün şirkətdə uğurla fəaliyyət göstərirlər”.
Holding rəsmisinin sözlərinə görə, hazırda şirkətdə 30-40 vakansiya mövcuddur: “Düşünürəm ki, bu il də həmin nəticəni əldə edə biləcəyik. Sərgidə iştirakımız təkcə “Gilan Holding”in iş axtaranlara yaxın olması deyil, məqsədimiz istədiyimiz namizədi və iş axtaranı şirkətimizə cəlb etməkdir”.
V. Muradov deyib ki, “Gilan Holding” Azərbaycanın müxtəlif bölgələrində də fəaliyyət göstərir: “Bizim bölgələrdəki nümayəndəliklərimiz bu məsələlərlə bağlı mütəmadi olaraq işlər görürlər. Özləri orada bizim nəzarətimizlə seminarlar keçirirlər”.
Holdinq rəsmisi işə qəbul prinsipləri və şərtlərindən də danışıb. O bildirib ki, şirkət bütün vakansiyalar yaranarkən tələblərə real yanaşmağa çalışır: “Vakansiyalar isə biznesin ehtiyacından yaranır. Konkret olaraq şirkətə lazım olan bilik və bacarıqlı namizədlər axtarılır, tələbləri də buna uyğun müəyyən edir. Sonradan internet səhifəmizdə buna uyğun elan veririk. Elana müvafiq olaraq müraciət edildikdə, vakansiyanın tələblərinə uyğun namizədlər müsabiqəyə və ya testdə iştiraka çağırılır. “Gilan Holding” artıq 2 ildir ki, elektron sistem istifadəyə verib. http://gilanholding.com/career linkini qeyd etməklə iş axtaranlar bizim sayta daxil olub, müvafiq vakansiyalarla tanış olur bilərlər. Çox rahat şəkildə elektron müraciət formasını doldurmaqla, onların “Gilan Holding”də müraciət akkauntu yaranmış olur. Əgər onlar müvafiq vakansiya üçün müsabiqəyə dəvət olunmurlarsa, yenidən həmin akkauntu qeyd etməklə sayta daxil olub, başqa yeni vakansiyalarla tanış ola bilirlər. Artıq yeni hesab yaratmağa ehtiyac olmur. Əslində bu dünya təcrübəsində olan bir şeydir, amma bizim ölkəyə gətirdiyimiz bir yenilikdir. Biz də artıq bu sistemi yaratmışıq. Düşünürəm ki, axtardığımız namizədi tapmaq üçün kütləyə açıq olmaq lazımdır. “Gilan Holding” tam olaraq şəffaf işə qəbul siyasəti və strategiyası həyata keçirir”.
Xatırladaq ki, “Baku Expo” Mərkəzində Azərbaycanın təhsil sahəsi üzrə yeganə sərgi - 10-cu Beynəlxalq Təhsil Sərgisi keçirilib. Təhsil Nazirliyinin rəsmi dəstəyi və iştirakı ilə təşkil olunan yeganə tədbirdir. Sərgi çərçivəsində ziyarətçilərə bakalavr, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və MBA proqramı, o cümlədən işgüzar xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunub.
Ziyarətçilər sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, qəbula daha yaxşı hazırlıq, sənəd qəbulu müddəti, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanı qazanacaqlar. Sərgidə 14 ölkədən 118 müəssisənin iştirak edir. Bu il sərgidə Almaniya, Latviya, Litva, Polşa, Macarıstan və digər ölkələrin ali təhsil müəssisələri, kollec və digər təhsil qurumlarının nümayəndələri sərgi ziyarətçilərini təhsil proqramları ilə tanış edəcəklər.