Akademik Milli Dram Teatrının bir qrup aktyoru Azərbaycan prezidentinə müraciət ünvanlayıb

Akademik Milli Dram Teatrının bir qrup aktyoru Azərbaycan prezidentinə müraciət ünvanlayıb
# 31 avqust 2015 13:44 (UTC +04:00)

APA-nın Lent.az-a istinadən verdiyi məlumata görə, müraciətdə bildirilir ki, teatr kollektivində problemlər İsrafil İsrafilovun direktor təyin olunandan sonra yaranıb: “Günlər, aylar, illər keçdikcə biz Böyük Sənət Ocağının necə çökməsini, kollektivin necə ümidsizliyə qapılmasını görsək də, dözür, susur və nəhayət bu dağıdıcı prosesə bir son veriləcəyini gözlədik. Amma yaxşılığa doğru heç nə dəyişmədi, əksinə, vəziyyət daha da pisləşməkdə davam etdi və etməkdədir”.

Müraciətdə bildirilib ki, zəngin repertuarı, uğurlu tamaşaları, rəngarəng aktyor oyunları ilə fəxr edilən, respublikamızda fəaliyyət göstərən digər teatrlara örnək olan, heç vaxt tamaşaçı problemi olmayan, bütün göstəricilər üzrə öndə olan, hətta bəzi tamaşalarına bilet tapılmayan teatr indi problemlər burulğanındadır: “Demək olar ki, bütün uğur qazanan, tamaşaçı gətirən tamaşalar repertuardan çıxarıldı, Akademik Teatrın aktyor heyətinin tamaşalarda iştirakı minimuma endirildi, teatrın bütün rejissorları işdən çıxarıldı, kənardan dəvət olunan aktyorlar, hətta rejissorluq təhsili olmayanlar teatrın bütün repertuarını zəbt etdilər. Nəticədə, tamaşaçı sayı, maliyyə göstəriciləri, uğurlu tamaşaları ilə fəxr edən Akademik Milli Dram Teatrı dəvətnaməyə möhtac qaldı, bilet satışı minimumun altına düşdü, teatr özünün daimi tamaşaçılarını itirdi. Teatrın daxili nizam-intizam qaydaları pozuldu. Sizdən çox xahiş edirik ki, bu məsələyə müdaxilə edəsiniz. Siz kollektivimizin ən çətin zamanlarında, həmişə bizə dayaq olmusunuz, bütün problemlərimizi həll etmisiniz, əminik ki, həmişə olduğu kimi, bu dəfə də bizə dayaq olacaqsınız”.

Müraciətə ümumilikdə 29 aktyor, o cümlədən, xalq artistləri Ramiz Məlik, Rafael Dadaşov, Nurəddin Mehdixanlı, İlham Əsgərov, Rafiq Əzimov, Firəngiz Mütəllimova və başqaları qol çəkib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR