Bakı - APA-Economics. Prezident İlham Əliyevin dövlət idarəçiliyi strategiyasının nəticəsində formalaşan inkişaf modeli səmərəli kadr siyasətinə və peşəkar dövlət qulluğuna zəmin yaradıb. Kadr potensialının gücləndirilməsinə göstərilən yüksək diqqət, eyni zamanda Azərbaycanın güclənməsinə, inkişafına, dünya miqyasında tanınmasına və layiqli yerinin təmin olunmasına xidmət edir.
Müasir dövrdə hər bir dövlətin, xalqın gələcəyi və inkişaf səviyyəsi həm də onun malik olduğu kadr potensialı ilə ölçülür. Öz növbəsində, gömrük orqanlarında kadr potensialını gücləndirmək, seçilən kadrların peşəkarlığını artırmaq Dövlət Gömrük Komitəsi tərəfindən daim diqqət mərkəzində saxlanılan əsas məsələlərdən biridir.
Artıq müstəqil respublikamızın gömrük orqanlarına xidmətə qəbul xeyli vaxtdır ki, gömrük işində qüvvədə olan qanunvericilik aktlarına uyğun olaraq müsabiqə və şəffaflıq əsasında aparılır. Bu illər ərzində gömrük orqanlarına xidmətə qəbul olunmaq istəyən vətəndaşların müraciətlərinə müvafiq qaydada baxılaraq Dövlət Gömrük Komitəsində test imtahanı və müsahibə keçirilir, Azərbaycanın, eləcə də xarici dövlətlərin müxtəlif ali məktəblərini bitirən gənc mütəxəssislər işlə təmin edilir.
Analoji üsuldan mütəmadi istifadə edən Dövlət Gömrük Komitəsi (DGK) mövcud ənənəni davam etdirərək, bu günlərdə müxtəlif vaxtlarda respublikamızın ali məktəblərini bitirən məzunlar üçün test imtahanı və müsahibə keçirib. Tam şəffaflıq şəraitində aparılan imtahanda müraciət etmiş şəxslər öz biliklərini sınayıblar.
Gömrük orqanlarında xidmətə qəbulla əlaqədar DGK-da yaradılmış Komissiya üzvlərinin iştirakı ilə aparılan test imtahanlarında daha çox bal toplayan və növbəti mərhələdən uğurla keçən 44 gənc kadr gömrük orqanlarında işlə təmin edilib.