Bakı. Fərid Mirzəyev – APA. “İdarəetmə elmi və mühəndislik idarəetməsi” beynəlxalq konfransı (“ICMSEM 2016”) bu il Azərbaycanda keçiriləcək.
APA-nın xəbərinə görə, 31 avqust-1 sentyabr tarixlərində keçiriləcək konfransda inkişaf etmiş ölkələrdən (ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Yaponiya, İspaniya, Türkiyə, Portuqaliya və s.) akademik səviyyədə təmsilçilik nəzərdə tutulur.
Konfransın təşkilatçıları Elm və Mühəndislik İdarəetməsi Beynəlxalq Cəmiyyəti, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Çinin Siçuan Universitetidir.
Qeyd edək ki, “İdarəetmə elmi və mühəndislik idarəetməsi” beynəlxalq konfransı 2007-ci ildən etibarən hər il dünyanın müxtəlif ölkələrində keçirilir. Bu il sözügedən konfransa MDB məkanında ilk dəfə olaraq, Azərbaycan ev sahibliyi edəcək.