Azərbaycanda şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qaydası dəyişib

Azərbaycanda şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qaydası dəyişib
# 31 may 2016 10:20 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Ədliyyə Nazirliyinin Kollegiyası “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”da dəyişiklik edib.

 

APA-nın məlumatına görə, dəyişikliyə əsasən bundan sonra bu Təlimat məhkəmə qərarları ilə bərabər, məhkəmə əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri üzrə borclunun və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilmiş şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və həmin məhdudlaşdırmanın götürülməsi ilə bağlı qaydaları da müəyyən edəcək.

 

İndiyə qədər borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda, icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin etməli idi. Dəyişikliyə əsasən bundan sonra könüllü icra üçün bildirişin icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin etməlidir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir.

 

İndiyə qədər icra sənədi üzrə tələb borclunun əmlakına yönəldildikdə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edilməsinə yol verilməyib. Dəyişikliyə əsasən isə bundan sonra yalnız tələbin yönəldiyi əmlakın dəyəri icra sənədi üzrə borcun və icra xərclərinin həcmindən çox olduqda borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edilməsinə yol verilməyəcək. Başqa sözlə, tələbin yönəldiyi əmlakın dəyəri icra sənədi üzrə borcun və icra xərclərinin həcmindən az olduqda borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət ediləcək. İndiyə qədər icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə qərarı ləğv edildikdə, icra sənədi tam icra olunduqda və tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda icra məmuru 24 saat müddətində həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edib. Bundan əvvəl İcra məmuru islah işləri, ictimai işlər, cərimə növündə cəzalara məhkum olunmuş, habelə şərti məhkum edilən və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilən və qanunvericiliklə müəyyən edilmiş qaydada üzərinə daimi yaşayış yerini dəyişməmək, yaxud müəyyən yerlərə getməmək barədə vəzifələr qoyulmuş şəxslər haqqında hökm və məhkəmənin göstərişi icraata qəbul edilən gün həmin şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün icra qurumunun rəhbəri tərəfindən təsdiq edilmiş məlumat vərəqini Təlimatda nəzərdə tutulmuş qaydada İcra baş idarəsinə göndərib. Dəyişikliyə əsasən bundan sonra şəxsin islah işləri, ictimai işlər və ya cərimə növündə cəzaya məhkum olunması, yaxud üzərinə Cinayət Məcəlləsində nəzərdə tutulmuş vəzifələr qoyulmaqla şərti məhkum edilməsi, yaxud da cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında hökm və ya məhkəmənin digər yekun qərarının icrası ilə bağlı hakimin göstərişi icra qurumuna daxil olduqdan sonra  dərhal qeydiyyata alınır və icra məmuruna təqdim olunacaq. İcra məmuru, həmin məhkumun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş məlumat vərəqini  dərhal, qeyd olunan göstərişin surəti əlavə olunmaqla bu Təlimatda nəzərdə tutulmuş qaydada İcra baş idarəsinə göndərəcək.

 

Qüvvədə  olan Təlimata əsasən icra məmuru məhkumun cəzasını çəkib qurtardıqdan, amnistiya və ya əfvetmə aktına əsasən cəzadan azad edildikdə, cəzadan azad edilməsi barədə məhkəmənin qərarını aldıqdan sonra 24 saat müddətində onun üzərindən məhdudlaşdırmanın götürülməsi üçün icra qurumunun rəhbəri tərəfindən təsdiq edilmiş məlumat vərəqini Təlimatda nəzərdə tutulmuş qaydada İcra baş idarəsinə göndərir. Dəyişikliyə əsasən bundan sonra məhkumun ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi haqqında məlumat daxil olduqda da eyni qayda tətbiq olunacaq.

 

Məhkumun cəza müddəti istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qurtararsa, icra məmuru məhdudlaşdırılmanın götürülməsinə dair həmin günlərdən əvvəl gələn sonuncu iş günü ərzində bu Təlimata uyğun təxirə salınmadan tədbirlər görəcək. Məlumat vərəqləri İcra baş idarəsinə müəyyən edilmiş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə və elektron qaydada (elektron poçt ünvanına) göndəriləcək və bunu təsdiq edən sənəd müvafiq icra icraatına əlavə ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR