Strasburq. Fuad Qulubəyli - APA. Bu gün Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinin 15 illiyidir.
APA-nın Avropa bürosunun xəbərinə görə, Azərbaycan 2001-ci il yanvarın 25-də Avropa Şurasına üzv olmaqla, hazırda 47 ölkədən ibarət təşkilatın sayca 43-cü üzv ölkəsi olub. Azərbaycanın İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasına qoşulması ilə 2002-ci ildən etibarən ölkə vətəndaşları fərdi şəkildə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət hüququnu əldə ediblər. Azərbaycan ötən 15 il ərzində təşkilatın 62 sazişini imzalayaraq ratifikasiyadan keçirib və 7 başqa sənədə imza atıb.
Azərbaycan Avropa Şurasının bir çox təsisatı ilə sıx əməkdaşlıq edir. 2014-cü ildə Azərbaycanla Avropa Şurası arasında iki il müddətinə Fəaliyyət Planı təsdiq olunub.
Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyi fəaliyyət göstərir və ölkəni qurumun Nazirlər Komitəsində daimi nümayəndə təmsil edir. 2012-ci ildən bu vəzifəni səfir Emin Eyyubov icra edir. 2014-cü ilin 15 may – 15 noyabr tarixləri arasında Azərbaycan təşkilata üzvlük tarixində ilk dəfə Avropa Şurası Nazirlər Komitəsinə 6 ay müddətinə sədrliyi həyata keçirib.
Azərbaycan Avropa Şurası Parlament Assambleyasında, eləcə də Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində 6 daimi və 6 əvəzedici millət vəkili və bələdiyyə üzvləri ilə təmsil olunur.
Azərbaycan Avropa Şurasının 2016-cı il üçün 442.255.900 avro təşkil edən büdcəsinə 1.277.189 avro məbləğində vəsait ayırıb.
15 ildir Azərbaycanın üçrəngli bayrağı Avropa Şurası binası qarşısında dalğalanır.