Bu ilin 10 ayı ərzində Gürcüstana səfər edən turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1% artaraq 5 milyon 406 min 188 nəfər təşkil edib. "APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının açıqladığı statistikada deyilir.
Oktyabr ayında ölkəni 527 min 157 nəfər xarici vətəndaş ziyarət edib ki, bu da ötən ilin analoji ayı ilə müqayisədə 4,5% çoxdur. Bunlardan 215 min 630 nəfəri turistdir. Beləliklə, ötən ilin oktyabr ayı ilə müqayisədə ötən ay turist qismində Gürcüstana səfər edənlərin sayı 20,9% artıb.
Azərbaycan Gürcüstana səfər edən turistlərin sayı baxımından liderliyini əldə verib. Oktyabrda qonşu ölkəyə ən çox Ermənistan vətəndaşları (-2,1%) səfər edib. Azərbaycan ikinci yerdə qərarlaşsa da, ölkəmizdən Gürcüstana səfər edənlərin sayında 10,1%-lik artım var. Üçüncü yerdə Türkiyə (- 16,6%), dördüncü yerdə Rusiya (+13%), beşinci yerdə isə Ukrayna (+15,8%) qərarlaşıb.
Yanvar-oktyabr ayları ərzində Gürcüstana səfər edənlərin sayı baxımından isə Azərbaycan (+11%) liderdir. İkinci və üçüncü yerləri müvafiq olaraq Ermənistan (+0,03%) və Türkiyə (- 9,1%) bölüşürlər.