Azərbaycanda İİV-ə yoluxanların sayı və səbəbləri açıqlanıb

Azərbaycanda İİV-ə yoluxanların sayı və səbəbləri açıqlanıb
# 27 oktyabr 2016 11:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan İİV-infeksiyasına yoluxma səviyyəsi üzrə aşağı olan ölkələr sırasına daxildir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, epidemiya əsasən yüksək riskli qruplara aid olan əhali təbəqələri, o cümlədən inyeksion narkotik istifadəçiləri arasında yayılıb. Belə ki, 2016-cı ilin III rübünün sonuna kimi aşkar olunan İİV-ə yoluxma hallarının 19%-i, 1987-01.04.2016-cı illər ərzində isə aşkar olunan halların 49%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Səhiyyə Nazirliyinin daim nəzarət və hərtərəfli təminatı sayəsində İİV-infeksiyasının yayılmasını illər boyu məhdud təmərküzləşmiş mərhələdə saxlamaq mümkün olub.

2016-cı ilin 9 ayı ərzində İİV-ə yeni yoluxma halları 374 təşkil edib. Onlardan 365-ı (98%) Azərbaycan vətəndaşlarında, 9-u (2%) isə əcnəbilərdə aşkarlanıb. Qeydiyyata alınmış 365 yerli sakinlərdən 232-i (63,6%) kişi, 133-sı (36,4%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə 118 nəfər Azərbaycan vətəndaşlarından olan İİV-li xəstələr keçmiş və İİV-infeksiyasından 43 nəfər Azərbaycan vətəndaşının dünyasını dəyişməsi barədə məlumat daxil olub. 2016-cı ilin 9 ayı ərzində İİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşları arasında yoluxma yolları 72 nəfərdə (19,7%) parenteral, 228 nəfərdə (62,5%) heteroseksual, 8 nəfərdə (2,2%) homoseksual kontakt nəticəsində, 5 nəfərdə (1,4%) şaquli yolla olub, 52 nəfərin (14,2%) yoluxma yolu isə müəyyənləşdirilməkdədir.

Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2016-cı ilin 9 ayının sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 5025 İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 3642-si (73,2%) kişi, 1383-i (26,8%) qadındır. QİÇS mərhələsində olan İİV-lə yaşayan insanların sayı 1360 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 788 nəfərdir. Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyata götürülmüş vətəndaşların 48,8%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 40,1%-də heteroseksual, 1,8%-də isə homoseksual kontakt nəticəsində, 1,8%-də anadan uşağa keçməklə, 7,5% -də yoluxma yolu müəyyən edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR