“Qalatasaray” – “Trabzonspor” görüşünün hakimi mövsümün ən aşağı qiymətini alıb

“Qalatasaray” – “Trabzonspor” görüşünün hakimi mövsümün ən aşağı qiymətini alıb
# 22 fevral 2016 14:28 (UTC +04:00)

Bakı – APA. Türkiyə Superliqasının XXII turunda keçirilən “Qalatasaray” – “Trabzonspor” görüşünün baş hakimi Dəniz Atəş Bitnelin idarəçiliyi mövsümün ən aşağı qiymətinə layiq görülüb. Apasport.az saytının “Hürriyət” qəzetinə istinadən xəbərinə görə, qalmaqallı matçın hakimin idarəçiliyi 6.5 balla qiymətləndirilib.

Bu, FİFA referisi adını daşıyan Bitnelin hakimlik karyerasına böyük zərbə kimi qiymətləndirilib.

Hakimlər Komitəsinin Dəniz Atəş Bitnelə ağır cəza tətbiq edəcəyi bildirilir. Adətən bu cür hallarda referi minimum 4 oyunluq cəzalandırılır. Lakin Bitnelin daha sərt cəzaya məruz qalacağı, hətta mövsümü bitirəcəyi ehtimal edilir.

Qeyd edək ki, “Qalatasaray”ın 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada Bitnel “Trabzonspor”un 4 futbolçusuna qırmızı vərəqə göstərib. Qonaqların 7 nəfərlə tamamladığı matçda o, “bordo-mavililər”dən Özər Hurmacı, Aykut Dəmir, Luis Kavanda və Salih Dursunu meydandan qovub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR