Bakı. Türbət Bağırova - APA. ABŞ-da dolların üzərindən ölkənin rəsmi devizi olan “In God We Trust” (Allaha etibar edirik) yazısının çıxarılması ilə bağlı təşəbbüs irəli sürülüb.
APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, müvafiq iddia Ohayo ştatından olan ateist qrup tərəfindən Akron şəhərində yerləşən federal əyalət məhkəməsində qaldırılıb.
İddiaçıların nümayəndəsi Maykl Nyudou bildirib ki, “In God We Trust” ifadəsi dinin dövlətdən ayrı olmasını təsbit edən ABŞ Konstitusiyasına ziddir. Məhkəmə iddianı qəbul edəcəyi halda, yeni dollarların çapı zamanı bu deviz qeyd olunmayacaq.
Sosial şəbəkələrdə təklif birmənalı qarşılanmayıb. Respublikaçılar daxilində prezidentliyə namizədliyə iddiaçılardan biri Ben Karson “Twitter”də təklifin əleyhinə çıxıb. “The Daily Beast” qəzetinin icmalçısı Kandida Moss isə bildirib ki, bu deviz "soyuq müharibə" illərində ABŞ tərəfindən sovet ateizminə qarşı istifadə edilib.
“In God We Trust” ifadəsi ilk dəfə ABŞ pulunda 1864-cü ildə əks olunub, deviz kimi isə 1956-cı ildə qəbul edilib. 2011-ci ildə Konqresin Nnümayəndələr Palatasında bu ifadənin ABŞ-ın milli devizi olaraq təsdiqlənməsi barədə qətnamə qəbul olunub.