Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Sahil Heydərov ifadəsində deyib ki, Ə. Kərimzadəyə məhkəmə işi ilə əlaqədar pul verib, lakin sonra verdiyi pulu özünə qaytarılıb.
Ə. Kərimzadə bəzi şahidlərin yalan ifadə verdiyini bildirib.
Məhkəmədə Ə. Kərimzadənin cinayət işi üzrə 5 zərərçəkmişdən yalnız ikisinin şikayətçi olduğu bildirilib.
Sonra digər şahidlər prosesə gəlmədiyi üçün onlar haqqında məcburi gətirilmə qərarı çıxarılıb.
Proses oktyabrın 26-da davam etdiriləcək.
İttihama əsasən, Əziz Kərimzadə 4 vətəndaşdan 60 min manatdan çox pulu dələduzluq yolu ilə alıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilir.
Qeyd edək ki, Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Əziz Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlu onun 12 min manat pulunu mənimsəyib.
2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əziz Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar.
Əziz Kərimzadə Azərbaycanın tanınmış yazıçısı Fərman Kərimzadənin oğludur.