Bakı-APA. “Azərbaycan son illər ərzində dünya miqyasında multikulturalizm mərkəzinə çevrilib”.
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbul mərasimində Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, dünya forumları, sivilizasiyalararası, humanitar, mədəniyyətlərarası dialoq forumları bunu göstərir: “Biz nəinki ölkə daxilində bu məsələləri lazımi səviyyədə tənzimləyirik, eyni zamanda, bir çox ölkələr üçün yol göstəririk. Biz istəyirik ki, bu nümunədən istifadə etsinlər. Əgər etsələr yenə də gərginlik azalar. Çünki bir çox hallarda müharibələr dini və məzhəb zəminində aparılır. İndi yan-yörə, hər tərəf alovlanır, yanır. Azərbaycanda sabitlik hökm sürür, inkişaf dinamikası güclənir. Bizim ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri özlərini rahat hiss edirlər. Onlar hamısı bizim qardaşlarımızdır, dəyərli vətəndaşlarımızdır. Bu da bir nümunədir. Bu, böyük bir sərvətdir. Biz bu sərvəti qoruyuruq. Ümumiyyətlə, ölkəmizi bütün bəlalardan qoruyuruq. Heç kimin işinə qarışmırıq və qoymuruq ki, kimsə bizim işimizə qarışsın. Ancaq xoş niyyət göstəririk. Ancaq hər bir məsələ ilə, xüsusilə bizi maraqlandıran məsələ ilə bağlı prinsipial mövqeyimiz həmişə ifadə olunur. Bizim siyasətimiz güzəştsiz siyasətdir. Biz prinsipial məsələlərlə bağlı keç kimə güzəştə getməmişik və getməyəcəyik. Müstəqil, ləyaqətli siyasət aparırıq, öz gücümüzə, xalqın dəstəyinə güvənirik. Xalq da bizim siyasətimizə öz dəstəyini göstərir. Bu yaxınlarda - ötən ay keçirilmiş referendumda Azərbaycan xalqı bizim siyasətimizə öz dəstəyini bir daha ifadə etdi. Referendumun nəticələrinin əsas mahiyyəti bundan ibarətdir. Biz düzgün yoldayıq. Bu yol inkişaf yoludur, müstəqillik yoludur. Ötən 25 ilin 23 ili şanlı tarix illəridir. Bu gün Azərbaycan dünya miqyasında müasir, sürətlə inkişaf edən, gözəl, qonaqpərvər, ləyaqətli ölkə kimi tanınır”.
Prezident İlham Əliyev bildirib ki, iyirmi beş il böyük tarixdir: “Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyat yaşaya bilərik, uğurla yaşaya bilərik. Bizim gözəlləşən şəhərlər, abadlaşan regionlar və dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı bunun əyani sübutudur. Biz gələcəkdə bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq. Xalqın iradəsi əsasında irəli gedəcəyik. Müstəqilliyimiz dönməzdir, əbədidir. Müstəqilliyimizin möhkəmlənməsində bütün Azərbaycan xalqına yeni uğurlar arzulayıram”.