Bakıda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Gənclərin inkişafında qeyri-formal təhsilin rolu" mövzusunda beynəlxalq konfransı başlayıb.
APA-nın məlumatına görə, konfransın açılışında çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, konfrans Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin 2020-ci ilə qədər dövr üçün “Gənclərin beynəlxalq əməkdaşlıq Strategiyası”nın 2016-2017-ci illərə dair Tədbirlər Planına uyğun keçirilir.
Konfransda məqsəd MDB ölkələri gəncləri arasında əməkdaşlığı genişləndirməkdir.
Qazaxıstanın dinlərlə iş və vətəndaş cəmiyyəti üzrə vitse-naziri Abzal Nukenov konfransın işinə uğurlar arzulayıb. MDB İcraiyyə Komitəsinin şöbə müdiri Tatyana Kovalyova Azərbaycanda gənclər sahəsində qazanılan uğurları yüksək qiymətləndirib, gənclər arasında əməkdaşlığın önəmli olduğunu vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Gənclər Fondunun fəaliyyətindən danışıb.
Daha sonra konfrans plenar sessiya ilə davam edib.