“I Şah İsmayıl - sərkərdə və hökmdar” sərgisi keçiriləcək

“I Şah İsmayıl - sərkərdə və hökmdar” sərgisi keçiriləcək
# 29 fevral 2016 13:24 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. AMEA Milli Azərbaycan Tarixi Muzeyində “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisi hazırlanır. Muzeydən APA-ya verilən məlumata görə, Şah İsmayılın dövlət quruculuğu və hərbi fəaliyyətinə həsr olunmuş sərgi ilk dəfədir keçirilir.

Sərginin konsepsiyası akademik Ramiz Mehdiyevin 2014-cü ildə işıq üzü görmüş “Şah İsmayıl Səfəvi: hökmdar və döyüşçünün portreti” kitabı əsasında tərtib olunub. Konsepsiya üzərində iş zamanı həmçinin Səfəvilər dövləti, eləcə də I Şah İsmayıla həsr olunmuş Azərbaycan, Türkiyə, İran, Rusiya, Avropa müəlliflərinin elmi əsərləri öyrənilib.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlının rəhbərliyi ilə hazırlanan sərginin kuratoru Səbuhi Əhmədovdur.

Muzeyin apardığı elmi toplama işi sayəsində Səfəvilər dövlətinin birinci rübünə aid unikal eksponatlar toplanıb. Muzeyin bərpa laboratoriyasında aparılan uzunmüddətli iş sayəsində XVI-XVII əsrlərdən dövrümüzə qədər gəlib çatmış eksponatlar təmizlənib, konservasiya olunub, zədələnmiş eksponatlar bərpa edilib. Beləliklə, sərgidə 130-a yaxın eksponat tamaşaçıların diqqətinə təqdim olunacaq, onların əksəriyyəti ilk dəfədir nümayiş olunur.

Həmçinin dünya muzeylərində qorunan və Şah İsmayıl dövrünə aid eksponatların 7 mulyajının, 100-ə yaxın fotoşəklinin də sərgilənməsi nəzərdə tutulur.

Eksponatlar yalnız vitrinlərdə deyil, “XVI əsr Azərbaycan cəngavəri” tamölçülü atlı manekeni, eləcə də “XVI əsr Azərbaycan döyüşçüsü” 4 tamölçülü piyada manekeni üzərində nümayiş olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR