Milli Məclisin plenar iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb.
"APA-Economics" xəbər verir ki, dəyişikliklərlə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
Onun sözlərinə görə, dəyişikliyə əsasən, Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımaları ilə bağlı əlavə rüsumların dərəcələri müəyyənləşdirilib.
Belə ki, "Dövlət rüsumu haqqında" qanunun 24-cü (Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri) maddənin 7-ci bəndi dəyişdirilir.
Qeyd olunan bəndin yeni variantına görə, Beynəlxalq Nəqliyyat Forumunun "İcazə"lərinin ("Avropa Nəqliyyat Nazirlər Konfransı"nın jurnallarının) satışına görə:
- Atmosfer havasına atılan zərərli maddələr üzrə "Avro-4" ekoloji normalara uyğun olan yük nəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir olan "İcazə"lərin (jurnalların) hər bir vahidinə görə 500 ABŞ dolları;
- Atmosfer havasına atılan zərərli maddələr üzrə "Avro-5" və daha yüksək ekoloji normalara uyğun olan yük nəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir il olan "İcazə"lərin (jurnalların) hər bir vahidinə görə 300 ABŞ dolları;
- Yük nəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir ay olan "İcazə"lərin (jurnalların) hər bir vahidinə görə 100 ABŞ dolları tələb olunacaq.
Bəndin hazırda qüvvədə olan variantı isə belədir:
"Avropa Nəqliyyat Nazirlər Konfransının" jurnallarının satışı-hər bir vahidə görə, 500 ABŞ dolları tələb olunur.
Layihə səsə qoyularaq qəbul edilib.