Qətlə görə 3 illik həbsə məhkum olan şəxs barəsində verilən apellyasiya protestinə baxılır

Qətlə görə 3 illik həbsə məhkum olan şəxs barəsində verilən apellyasiya protestinə baxılır
# 04 oktyabr 2016 07:12 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA Bakı Apellyasiya Məhkəməsində əsgər yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Zamin Məcidlinin barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protestinə baxılır.

APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı oktyabrın 10-na təyin edilib.

Qeyd edək ki, 2014-cü ilin iyulda Bakıda Salyan şəhər sakini, 20 yaşlı Nurlan Xudiyevin meyiti aşkarlanıb. Onu dostu Z. Məcidlinin öldürdüyü müəyyənləşib və təqsirləndirilən şəxs saxlanılıb. Z. Məcidli mərhumla birlikdə hərbi xidmətdə olduğunu, daha sonra arabir şəhərdə görüşdüklərini bildirib. Görüşlərin birində Nurlan onu ağır söyüşlərlə təhqir edib, bu səbəbdən o, dostunu bıçaqlayaraq, hadisə yerindən qaçıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə zamanı təkrar vəsatətlər əsasında iş üzrə yenidən məhkəmə-psixiatriya ekspertizası təyin edilib. Ekspert rəyinə əsasən, təqsirləndirilən şəxs cinayəti affekt vəziyyətində törətdiyindən məhkəmə Z.Məcidlinin əməlini CM-nin 120.1-ci maddəsindən 122.1-ci (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsif edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Zamin Məcidlinin məhkum edilməsinə dair dövlət ittihamçısı apellyasiya protesti verib.

Bakı Apellyasiya Məhkəməsi işi araşdıraraq prokurorun protestini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb. Bundan sonra prokuror Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə isə işin yenidən araşdırılmasına qərar verib və işi Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR