AMEA xəstə narkomanların cinayət məsuliyyətinə cəlb olunmamasını təklif edir

AMEA xəstə narkomanların cinayət məsuliyyətinə cəlb olunmamasını təklif edir
# 26 may 2015 09:45 (UTC +04:00)

“Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Dövlət Komitəsinin yaradılması məsələsi nəzərdən keçirilməlidir”

 

Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Hüquq İnstitutu xəstə narkomanların cinayət məsuliyyətinə cəlb olunmamasını təklif edib.

 

APA-nın məlumatına görə, bu, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutu direktorunun elmi işlər üzrə müavini, hüquq elmlər doktoru Bəhram Zahidovun Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu üçün hazırladığı məqalədə əksini tapıb.

 

Dövlət Komissiyasının rəsmi saytında işıq üzü görən məqalədə qeyd edilib ki, Azərbaycanda “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” yeni qanun hazırlanmalı və Cinayət Məcəlləsində nəzərdə tutulan tərkiblərin yenidən formalaşdırılması daha da dəqiqləşdirilməli və səhih diferensiasiya aparılmalıdır: “Bu zaman xəstə narkomanların deyil, narkotiklərin qanunsuz istehsalı və satışı ilə məşğul olanların məsuliyyət məsələsinin həll edilməsinə, narkotiklərin miqdar göstəricilərinin dəqiqləşdirilməsinə xüsusi diqqət yetirilməsi zəruridir. Narkomanlıq xəstəliyinə tutulmuş şəxslərin narkotik vasitələrdən və psixotrop maddələrdən fiziki və psixi asılılığına dair məlumatlardan, habelə bu şəxslərin mənəvi-psixoloji göstəriciləri haqqında informasiyalardan müalicə-reabilitasiya işlərində və profilaktika sahəsində istifadə edilməsinə, narkomanların sayının dəqiqləşdirilməsi sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi vacibdir. Narkomaniya xəstəliyinin müalicəsi, narkomanların psixologiyası, narkotizmin sosiologiyası, profilaktikası, istintaq metodikası və taktikası, cəza siyasətinin istiqamətləri, narkotik qaçaqmalçılıq, kimyəvi tərkibli narkotiklərin təsir imkanları, yetkinlik yaşına çatmayanlar və qadınlar tərəfindən törədilən cinayətlərin aktual məsələləri tədqiq edilməlidir. Bütün bunların nəticələrindən təcrübədə istifadə edilməsi üçün tədbirlər görülməsi zəruridir”.

 

Müəllif qeyd edib ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizəni səmərəli təşkil etmək üçün dünyanın bir çox ölkələrində olduğu kimi, mərkəzi İcra Hakimiyyəti statuslu orqanın - “Azərbaycan Respublikasında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Dövlət Komitəsi”nin yaradılması məsələsi nəzərdən keçirilməlidir: “Ölkədə narkotizmlə və narkobizneslə mübarizənin gücləndirilməsi, bu sahədə ağır və təhlükəli cinayətlərin aşkar olunması, cinayətin əsas iştirakçılarının müəyyən edilib məsuliyyətə cəlb edilməsi, narkotik vasitələrin mənbəyinin aşkara çıxarılması, belə təzahürləri doğuran səbəbin və şəraitin müəyyən edilməsi, onların aradan qaldırılması və qarşısının alınması sahəsində əməliyyat-axtarış və ibtidai araşdırma orqanlarının fəaliyyətinin elmi, təcrübi və təşkilati əsaslarının əhəmiyyətli dərəcədə yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilməlidir. Həyata keçirilən sorğular, müşahidələr, yoxlamalar, təhlillər, ümumiləşdirmələr üzrə çıxarılmış nəticələr əsasında əməliyyat-axtarış, ibtidai araşdırma və məhkəmə orqanlarına, eləcə də Dövlət Komissiyasına verilmiş təkliflərin və təqdimatların nəzərə alınmasına, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərlə mübarizədə profilaktiki tədbirlərin yeni vasitələrinin və metodlarının tətbiqinə xüsusi diqqət yetirilməlidir. Narkotik vasitələrin və psixotrop maddələrin aktual problemlərinin hüquq, psixologiya, sosiologiya, tibb və digər elm sahələrinin mütəxəssisləri tərəfindən intensiv olaraq tədqiq edilməlidir. Narkobiznesdən əldə olunan “çirkli pullar”ın leqallaşdırılmasının qarşısının alınması sahəsində təşkilati-hüquqi, sosial-siyasi və iqtisadi tədbirlərin gücləndirilməsi və bu sahədə zəruri olan normativ hüquqi aktların yaradılması sahəsində təşəbbüskarlığın artması vacibdir. Bütün bu tədbirlər sisteminin həyata keçirilməsi bəşəriyyəti narahat edən narkotizmlə və onun təhlükəli təzahürü olan narkobizneslə mübarizədə müəyyən səmərəli nəticələr verə bilər”.

 

Qeyd edək ki, AMEA Dövlət Komissiyasının tərkibində Kimya Elmləri Bölməsinin akademik-katibi səviyyəsində təmsil olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR