Bakı. Cavid Zeynallı - APA. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” adlı kitab çap etdirib.
İnstitutdan APA-ya verilən məlumata görə, qurumun direktoru, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə iki cilddə, iri həcmdə (1890 səh.) hazırlanmış kitabda müstəqillik dövrü ədəbiyyatının təşəkkülü, formalaşması, ümumi xüsusiyyətləri, müasir inkişaf tendensiyaları araşdırılıb və əsas yaradıcı simalarına oçerklər həsr olunub. Nəşrdə 15 fəsil, onlarla icmal və portret oçerk, yüzdən çox yarımbaşlıq yer alıb. Kitab müstəqillik dövrü Azərbaycan ədəbiyyatının yeniliyi, zənginliyi və təkrarsızlığını ortaya çıxarır.
İkicildlik kitabın elmi redaktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Müstəqilliyin şərəfli yolu və müstəqillik ədəbiyyatı” adlı geniş “Ön söz” məqaləsi ilə açılır.
Kitabın birinci cildi “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı 1990-cı illərdə” adlanır və burada müstəqillik ədəbiyyatının təşəkkül mərhələsi “keçid ədəbiyyatı” kimi xarakterizə olunur. “Müstəqillik ədəbiyyatının mövzu və tendensiyaları”, “Qanlı Yanvardan başlanan yol”, “Qarabağ müharibəsinin ədəbiyyatda inikası”, “1990-cı illərdə nəsr” və digər tematik və problematik bölgülər dövrün ədəbi-bədii mənzərəsini təsəvvür etməyə imkan verir.
Kitabın ikinci cildi XXI əsrdən başlayaraq müstəqillik zəminində tam ifadəsini tapan müasir dövr ədəbiyyatından söz açır və “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı müasir mərhələdə” adlanır.
İkicildlik “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı Ədəbiyyat İnstitutunun eyniadlı şöbəsində, digər şöbələrin əməkdaşlarının da iştirakı ilə hazırlanıb. Ümumilikdə, kitab üzərində 45 müəllif işləyib.
Kitabın elmi redaktoru akademik İsa Həbibbəyli, məsul redaktoru filologiya üzrə elmlər doktoru Tehran Əlişanoğludur.
İnstitutdan əlavə ediblər ki, Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyində prezident İlham Əliyev alimlərə Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyi münasibətilə kitab yazmağı tövsiyə edib. Prezidentin çağırışına cavab olaraq ərsəyə gəlmiş “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabı Ədəbiyyat İnstitutunun ədəbi-mədəni ictimaiyyətə yubiley hədiyyəsi, eyni zamanda, müstəqil dövlətçiliyimizin 25 illiyinə elmi hesabatıdır.