Bakı. Könül Kamilqızı – APA. "Gələn il ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanında 113 min abituriyentin iştirakı gözlənilir. Buraxılş imtahanlarında iştirak edəcək abituriyentlərin 62 420 nəfəri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi monitorinq imtahanlarına qatılıb. Bu, o deməkdir ki, biz artıq 9-cu siniflər üzrə buraxılış imtahanlarında iştirak edəcək şagirdlərin yarısından çoxunun biliyini müəyyən səviyyədə bilirik”.
APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni qaydalarına dair seminarda çıxışı zamanı deyib. O bildirib ki, monitorinq imtahanlarının nəticələri uşaqların taleyinə təsir göstərmir.
M. Abbaszadə qeyd edib ki, nəticələr yalnız təhsil şöbələrinə, müraciət edən bəzi məktəblərə göndərilir ki, şagirdlərin nailiyyətləri ilə tanış olsunlar: “2013-cü ildən keçirilməsinə başlanan və 4 il ərzində aparılan monitorinq imtahanları bütün ölkəni əhatə edib. Monitorinq imtahanlarında iştirak edənlərin 30%-i nəticədə heç bir suala cavab verməyərək boş vərəqlər təqdim ediblər”.
Şura sədrinin sözlərinə görə, gələn il 9-cu siniflər üzrə buraxılış imtahanı verəcək şagirdlər yeni kurikuluma əsasən təhsil alanlardır. Yeni kurikuluma əsasən dərsliklər yazıldığını deyən M. Abbaszadə dərslikdə olan tapşırıqların uşaqların biliyini qiymətləndirmək üçün kifayət etmədiyini söyləyib: “Ona görə də 2013-cü ildən başlayaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası test tapşırıqları topluları hazırlamağa başlayıb. Bu vaxta kimi V-VI-VII-VIII siniflər üzrə test kitabçaları var. IX siniflər üzrə test tapşırıqları kitabçası isə dekabr ayında hazır olacaq”.