BMCMİ rəisi: "Azərbaycanda şəriət dövləti yaratmaq istəyən cinayətkar birlik ifşa olunub"

BMCMİ rəisi: "Azərbaycanda şəriət dövləti yaratmaq istəyən cinayətkar birlik ifşa olunub"
# 14 yanvar 2016 12:55 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda konstitusion quruluşun zorla dəyişdirilərək şəriət qaydaları ilə idarə olunan dövlət yaratmaq niyyətində olan cinayətkar birlik ifşa olunub.

APA-nın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 2015-ci ildə cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib. Müşavirədə hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin nəticələri barədə çıxış edən Baş İdarənin rəisi, polis general-mayoru Seyfulla Əzimov deyib ki, həyata keçirilmiş profilaktik tədbirlərin nəticəsi olaraq ölkədə mütəşəkkil cinayətkarlığın səviyyəsi proqnozlaşdırılan səviyyədən kənara çıxmayıb, cinayətkar birlik və mütəşəkkil dəstələr tərəfindən ictimai rezonans doğuran cinayətlərin mütəmadi törədilməsi tendensiyası müşahidə edilməyib. 2011-2015-ci illərdə ifşa olunmuş ağır və ya xüsusilə ağır cinayət törətmiş 1173 cinayətkar qrupun 4,2 faizini və ya 49-nu mütəşəkkil dəstələr təşkil edib. Həmin dəstələrin böyük əksəriyyəti törətdikləri ilk cinayətdən sonra zərərsizləşdirilib, onların törətdikləri cinayətlərin 80 faizi mülkiyyət əleyhinə və ya iqtisadi fəaliyyət sahəsinə aid olub.

Bununla belə, mütəşəkkil cinayətkarlığın, xüsusən onun daha təhlükəli növü olan transmilli mütəşəkkil cinayətkarlığın qarşısının alınması üçün qabaqlayıcı tədbirlər həyata keçirilib, xarici təsir mərkəzlərinin, onların ölkəmizdəki əlaqələrinin, maliyyə mənbələrinin ifşasına xüsusi diqqət yetirilib. Qeyd olunub ki, dini radikalizmə qarşı mübarizə tədbirləri çərçivəsində ölkənin konstitusion quruluşunun zorla dəyişdirilərək şəriət qaydaları ilə idarə olunan dövlət yaratmaq niyyətində olan cinayətkar birlik ifşa olunub, həmin birliyin üzvlərindən hüquq-mühafizə orqanlarına qarşı silahlı müqavimətdə istifadə etməyə hazırlaşdıqları xeyli sayda odlu silah və partlayıcı maddə götürülüb. Gələcəkdə analoji neqativ meyillərin yaranmasının qarşısının alınması üçün tədbirlər görülür.

Kriminogen duruma mənfi təsir göstərmək baxımından odlu silahların və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə də xüsusi diqqət yetirilib. Hesabat dövründə respublika üzrə qanunsuz silah saxlama ilə bağlı qeydə alınmış cinayətlərin 8,9 faizi Baş İdarə tərəfindən aşkar olunub. Baş İdarənin bu sahədə əvvəlki hesabat dövrü ilə müqayisədə göstəriciləri cinayətlərin sayında 2,7 dəfə, götürülmüş silahların sayında isə 2,5 dəfə yaxşılaşıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə də Baş İdarə qarşısında duran prioritet vəzifələrdən olub. Narkoticarətin cinayətkar aləmin əsas maliyyə mənbələrindən olması, eləcə də əsasən mütəşəkkil dəstələrin məşğul olması ehtimalları nəzərdən keçirilərək, bu sahədə əsas diqqət güclü təsirə malik narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılmasına, habelə onların qeyri-qanuni yollarla ölkəyə gətirilməsi və tranzit daşınması kanallarının ifşasına yönəldilib.

Satış və ya satış məqsədilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 43 fakt aşkar olunub, ümumilikdə, qanunsuz dövriyyədən 40 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bildirilib ki, keçirilmiş tədbirlərlə Bakı şəhərində, habelə Sumqayıt, Qəbələ və Ağsuda bir sıra mülkiyyət əleyhinə cinayətlər törətmiş, ümumilikdə, 19 nəfərdən ibarət 2 dəstə zərərsizləşdirilib. Quldurluq və qəsdən adam öldürmə, dələduzluq, habelə keçmiş illərdən adam oğurluğu və hədə-qorxu ilə tələb etmə cinayətlərinə görə axtarılan 6 nəfərin tutularaq istintaqa təhvil verilməsi təmin olunub. Adam oğurluğu və hədə-qorxu ilə tələb etmə ilə mübarizəyə də xüsusi diqqət yetirilib, 18 hədə-qorxu ilə tələb etmə cinayəti aşkar edilib.

Ölkənin iqtisadi təhlükəsizliyinə zərbə vuran saxta pul əskinaslarının dövriyyəyə buraxılmasına qarşı mübarizə davamlı olub, bu sahədə respublika üzrə 45 cinayət faktı qeydə alınıb. Dövriyyədən çıxarılmış saxta əskinazların 50 faizindən çoxu Baş İdarənin əməkdaşları tərəfindən aşkar olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR