ABŞ səfirliyinin əməkdaşları Mətbuat Şurasında olub

ABŞ səfirliyinin əməkdaşları Mətbuat Şurasında olub
# 12 fevral 2016 14:56 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Stiven Qays, mətbuat xidmətinin rəhbəri Nikolas Barnet və mətbuat xidmətinin nümayəndəsi Mehdi Hüseynquliyev Mətbuat Şurasında (MŞ) olublar. MŞ-dan APA-ya verilən xəbərə görə, Şura sədri, millət vəkili Əflatun Amaşov qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib.

O bildirib ki, Şura media ilə bağlı müxtəlif vətəndaş qruplarından daxil olan şikayətlərin araşdırılmasını həyata keçirir: “Mətbuat Şurası jurnalistlərin peşə vəzifələrini sərbəst şəkildə yerinə yetirilmələrinə yönələn tədbirlər də görür, ümumən ölkədə söz və ifadə azadlığı ilə bağlı məsələləri diqqət mərkəzində saxlayır. Mövcud istiqamətdəki tendensiyaları yaxından izləyir”.

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu və Şuranın İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə MŞ-nin ABŞ-ın Azərbaycandakı səfirliyi ilə müntəzəm əlaqədə olmasını qarşılıqlı əməkdaşlıqdakı müsbət məqam kimi vurğulayıb.

ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Stiven Qays səfirliyin Azərbaycanda söz və ifadə azadlığı ilə bağlı məsələlərə önəm verdiyini bildirib. Səfirliyin mətbuat katibi Nikolas Barnet isə mövcud istiqamətdəki təşəbbüslərin davamlılığının vacibliyini, bu məsələdə Mətbuat Şurası ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Qonaqlar Azərbaycanın kütləvi informasiya vasitələrinin fəaliyyətindəki məqamların ABŞ-da diqqətlə izlənildiyini, perspektiv əməkdaşlıqda əsas kimi götürüldüyünü bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR