Pavel Nedved: “Bu, Azərbaycanla oyunda mənfi təsirini göstərə bilər”

Pavel Nedved: “Bu, Azərbaycanla oyunda mənfi təsirini göstərə bilər”
# 07 oktyabr 2016 15:25 (UTC +04:00)

Bakı – APA. “Komandamızı kritik iki oyun gözləyir. Xüsusən də, Almaniya ilə qarşılaşma bizim üçün çox önəmlidi”. Apasport.az saytının məlumatına görə, bunu Çexiyanın əfsanəvi futbolçusu Pavel Nedved deyib.

Ötənlərin ulduz futbolçusu ölkəsinin mətbuatına açıqlamasında Çexiya millisinin DÇ-2018-in seçmə mərhələsində Almaniya (8 oktyabr) və Azərbaycanla (11 oktyabr) qarşıdakı oyunlarını dəyərləndirib. “Yuventus” klubunun vitse-prezidenti Almaniya ilə sabahkı görüşdə oyunçulardan əzmkarlıq gözlədiyini bildirib: “Düşünürəm ki, uşaqlar şənbə günü meydanda əllərindən gələni edəcək və təslim olmayacaqlar. Bilirəm ki, çox çətin olacaq. Çünki Almaniya yığması iştirak etdiyi bütün turnirlərin favoritidi. Onlarda futbol fəlsəfəsi və mentalitet fərqlidi. Buna baxmayaraq, futbolçularımızın minimum 1 xal üçün “döyüşəcəklərinə” inanıram”.

44 yaşlı mütəxəssis yığmasının qrupun III turunda Azərbaycan millisi önündəki şanslarına da toxunub: “Almaniya ilə qarşılaşmadan sonra bərpa olunmağa vaxt qalmayacaq. Bu da Azərbaycanla görüşdə öz mənfi təsirini göstərə bilər. Oyunçularımız ikinci matça yorğun çıxa bilərlər. Amma qarşılaşma öz meydanımızda, doğma azarkeşlər önündə olacaq. Vəziyyət necə olur-olsun, uşaqlar iddialarını davam etdirmək üçün bu oyunda qələbə qazanmağa borcludular”.

Qeyd edək ki, Çexiya – Azərbaycan matçı Ostrava şəhərində yerləşən “Munisipal” stadionunda keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR