Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda lotereyalar haqqında qanunvericiliyə dəyişiklik ediləcək.
APA-nın məlumatına görə, bununla bağlı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Lotereyalar haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlayıb və ictimai müzakirəyə çıxarıb.
İctimai müzakirələrdən sonra Milli Məclisə təqdim ediləcək qanun layihəsinə əsasən əsasən lotereya kütləvi oyunlarında yaşı 18-ə çatmamış şəxslərin iştirakına qadağa qoyulacaq. Mövcud qanunvericiliyə əsasən indiyə qədər yaş məhdudiyyəti qoyulmadan lotereyada iştirak edən lotereya biletinin (ona bərabər tutulan digər məlumat daşıyıcısının) sahibi lotereya iştirakçısı olubsa, bundan sonra 18 yaşına çatmış, könüllü əsaslarla lotereyada iştirak edən lotereya biletinin (ona bərabər tutulan digər məlumat daşıyıcısının) sahibi lotereya iştirakçısı olacaq. Qanun layihəsi qəbul olunduqdan sonra sabit əmsallı lotereya (uduş fondunun lotereyanın şərtləri ilə müəyyən edilmiş əmsallara uyğun olaraq hesablanan lotereya forması), audio/tele lotereyalar (lotereyada iştirakın ödənişli kommunikasiya xidmətləri vasitəsilə həyata keçirildiyi, uduş fondu həmin xidmətlərin satışından əldə edilən vəsaitlər hesabına formalaşdırılan lotereya forması) və elektron lotereyalar (lotereyanın keçirilmə formasından asılı olmayaraq, lotereya təşkilatçısı tərəfindən lotereya biletlərinin yayılmasının, lotereya iştirakçıları arasında uduş fondunun oynanılmasının informasiya texnologiyaları vasitəsilə həyata keçirildiyi lotereya) da bu qanunla tənzimlənəcək. Audio/tele lotereyaların təşkilini və keçirilməsini yalnız təsisçiləri, benefisiarları və idarəetmə orqanının üzvləri vətəndaş qüsursuzluğuna cavab verən, son maliyyə ilini mənfəətlə başa vuran, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tələblərə cavab verən texniki təchizata malik olan lotereya təşkilatçıları həyata keçirə biləcək.
Vətəndaş qüsursuzluğu mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və xüsusilə ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi faktının olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olmağına məhkəmə qərarı ilə qadağanın qoyulmamasını nəzərdə tutur. Elektron lotereyaların uduş fondu oyunun başlanılması anınadək formalaşdırılmalıdır. Elektron lotereyaların uduş fondunun minimum həcmi lotereya biletlərinin ümumi məbləğinin 50%-dən az ola bilməz.
Qanuna nəzərdə tutulan digər dəyişiklik stimullaşdırıcı lotereyaların da müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənməsini nəzərdə tutur. İndiyə qədər stimullaşdırıcı lotereyalarla bağlı belə tənzimləmə həyata keçirilməyib. Eyni zamanda spirtli içkilər və tütün məmulatları üzrə stimullaşdırıcı lotereyaların keçirilməsinə yol verilməyəcək. Lotereyanın uduş fonduna spirtli içkilər, tütün və tütün məmulatları, habelə mülki dövriyyədən çıxarılmış və mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar daxil edilə bilməz Təklif edilən başqa bir dəyişikliyə əsasən lotereyanın şərtlərinə əlavə və dəyişikliklər edilməsi üçün lotereya təşkilatçısı uduş fondunun oynanılması tarixinə azı 15 iş günü qalmış müvafiq icra hakimiyyəti orqanına müraciət edəcək. Lotereyanın şərtlərinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı müraciət müvafiq icra hakimiyyəti orqanına təqdim edildiyi tarixdən etibarən 5 (beş) iş günündən gec olmayaraq, o, əlavə və dəyişikliklərin edilməsinə icazənin verilməsi və ya bundan imtina edilməsi barədə qərar qəbul edir və bu barədə lotereya təşkilatçısına məlumat təqdim etməlidir.