Bakı-APA. ABŞ-ın tanınmış “Eurasia Review” analiz və yeniliklər jurnalinda Bakı Slavyan Universiteti haqqında geniş məqalə dərc olunub.Universitetin mətbuat xidmətindən APA-ya bildirilib ki, məqalənin müəllifi Birləşmiş Ştatlarda Latın Amerikası məsələləri üzrə araşdırmaları ilə tanınan tədqiqatçı alim və jurnalist Peter Tasedir. Yeri gəlmişkən qeyd edək ki, Peter Tase 2012-ci ildə Paraqvay Milli Konqresinin Ticarət, Turizm və Sənayenin İnkişafı üzrə Komitəsində sədrin xarici işlər və beynəlxalq ticarət üzrə müşaviri olmuşdur.
O, “Bakı Slavyan Universiteti 70 illik yubileyinə hazırlaşır” adlı məqaləsində universitetin tarixindən söz açaraq, onun 2000-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə yaradıldığını bildirir. Sonra əlavə edir: “BSU qısa müddət ərzində böyük inkişaf yolu keçmiş və Avrasiya məkanında aparıcı təhsil ocaqlarından biri kimi formalaşmışdır. Bu gün onu unikal ali təhsil müəssisəsi adlandırmaq olar. Burada slavyan ölkələrinin və xalqlarının adət-ənənələri, mədəniyyətləri, dil və ədəbiyyatı öyrədilir. Universitet slavyan ölkələrinin tədqiqi sahəsində aparıcıdır. O, yüksək ixtisaslı müəllimləri, akademik səviyyəsi, yüksək texnologiya ilə təchizatı baxımından digər bir çox ali məktəblərdən öndə gedir”.
Müəllif sonra universitetdə dilçilik, filologiya, ölkəşünaslıq, jurnalistika, beynəlxalq əlaqələr sahəsində bütün pillələr üzrə yüksək ixtisaslı kadrlar hazırladığını bildirir. Peter Tase universitetin rektoru, professor Nurlana Əliyevanın aşağıdakı fikirlərinə xüsusi diqqətə çatdırır: "Son illərdə BSU adi təhsil müəssisəsi olmaqdan çıxıb, o daim öz taktikasını və rolunu təkmilləşdirməklə regionda slavyan filologiyası və mədəniyyətini öyrənən yeganə elmi mərkəzə çevrilmişdir”.
Peter Tase universitetin nüfuzunun ildən-ilə artdığını və dünyanın tanımış liderlərinin dəfələrlə BSU-nun qonağı olduğunu bildirir. O, yazır: “Rusiya Prezidenti Vladimir Putin, Moskva və bütün Rusiya patriarxı II Aleksey, Yunanıstan Respublikasının sabiq Prezidenti C. Stephanopulos, Bolqarıstan Respublikasının sabiq Prezidenti Georgi Pırvanov, Ukeraynanın keçmiş Prezidenti Viktor Yuşşenko, Rusiya Federasiya Şurasının sədri Serqey Mironov, Belorusiya Prezidenti Aleksandr Lukoşenko və digər şəxslər müxtəlif vaxtlarda universitetdə olmuş, qeyd kitabında öz imzalarını qoymaqdan məmnunluq duymuşlar”.
Məqalənin sonunda müəllif universitetin bu gün Avropanın bir çox ali təhsil müəssisələri ilə sıx əlaqə saxladığını qeyd edir. O, BSU-nun hazırda multikulturalizm üzrə tədqiqatların da mərkəzi olduğunu vurğulayır.Müəllif fikrini belə yekunlaşdırır: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altına həyata keçən bu siyasətin önündə gedən elmi mərkəzklərdən biri və birincisi BSU-dur”.