Bakı. Məlahət Nəcəfova - APA. “Əl-Cəzirə” beynəlxalq teleşirkətinin ərəb xidmətinin əməkdaşlı Əhməd Mənsur Misir rəhbərliyinin müraciəti ilə Berlin hava limanında həbs olunub. APA-nın “Əl-Cəzirə”yə istinadən verdiyi məlumata görə, o, Tegel aeroportunda “Qatar Airways” vasitəsilə Berlindən Dohaya uçmaq istəyərkən saxlanılıb.
“Əl-Cəzirə” redaksiyası ilə telefon danışığında Əhməd Mənsur bildirib ki, bazar ertəsinə kimi nəzarət altında qalacaq, həmin gün Almaniya məhkəməsinə çıxacaq və onun sonrakı durumuna qərar veriləcək.
Əhməd Mənsur 2011-ci ildə Təhrir Meydanında vəkilə işgəncə ittihamı ilə 2014-ci ildə Qahirənin cinayət məhkəməsi tərəfindən 15 il qiyabi həbs cəzasına məhkum edilmişdi. O, özünü günahkar hesab etməyib və ötən ilin oktyabrında İnterpol Misir hökumətinin onun beynəlxalq həbsinə order verilməsi ilə bağlı tələbini rədd edib. Jurnalist işlədiyi quruma göndərdiyi müraciətində saxlanılma zamanı İnterpolun qərarını təqdim etsə də, ona məhəl qoyulmadığını söyləyib.
Şirkət Almaniyadan dərhal jurnalistin azad olunmasını tələb edib. “Misir rəhbərliyi tərəfindən jurnalistlərə qarşı sərt tədbirlərin görülməsi çox məşhurdur. Ərəb dünyasının ən çox izlədiyi şəbəkə kimi bizim şirkət bunun ağırlığını hər zaman öz üzərində hiss edib. Digər ölkələr, ən azından Almaniya kimi media azadlığını dəstəkləyən ölkələr, özlərini bu mediaya qarşı təzyiqin bir alətinə çevrilmələrinə imkan verməməlidirlər. Əhməd Mənsur ərəb dünyasının ən hörmətli jurnalistlərindən biridir və dərhal azad olunmalıdır”, - deyə “Əl-Cəzirə”nin baş direktoru Mostefa Souag bildirib.
Xatırladaq ki, Əhməd Mənsurun həbsi Misir prezidenti Abdel Fattah əl-Sisinin Almaniyaya səfərindən 2 həftə sonra baş verib. Səfər zamanı Almaniya kansleri Merkellə və digər rəsmilərlə keçirilən görüşlərdə bir sıra məsələlər, o cümlədən Almaniya şirkəti olan “Siemens”in Misirdə 8 milyard dollarlıq layihələr həyata keçirəcəyi ilə bağlı razılaşma əldə olunub. Ekspertlər hesab edir ki, jurnalistin həbsi bu yüksək məbləğli müqavilənin qarşılığında Almaniya hökumətinin Misir hökumətinə töhfəsidir.
Əhməd Mənsurun vəkili Saad Djebbar da “Əl-Cəzirə”yə müsahibəsində müvəkkilinin siyasi motivlər əsasında həbs edildiyini vurğulayıb: “Bu “Əl-Cəzirə jurnalistlərini qorxutmaq və onların işlərini iflic etmək üçün bir hiylədir”.
Qeyd edək ki, “Əl-Cəzirə”nin ingilis bölməsinin 3 jurnalisti də “Müsəlman qardaşları” ilə gizli sövdələşməyə girdikləri iddiası ilə həbs olunmuşdular. Pitr Grist 300 günlük həbsdən sonra ittiham irəli sürülmədən azadlığa buraxılsa da, digər 2 həmkarı - Baher Mohammed və Mohammed Fehmi təkrar mühakimə olunublar.