Azərbaycanlılar Böyük Britaniyada İran əleyhinə aksiya keçiriblər

Azərbaycanlılar Böyük Britaniyada İran əleyhinə aksiya keçiriblər
# 21 may 2013 04:17 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Böyük Britaniyanın paytaxtı London şəhərində mayın 19-da Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) təşəbbüsü və təşkilatçılığı ilə İran əleyhinə aksiya keçirilib. Bu barədə APA-ya GAİP-in Böyük Britaniya üzrə təmsilçisi, Londonda yaşayan soydaşımız Araz Yurdsevən məlumat verib.

Onun sözlərinə görə, piketin keçirilməsində məqsəd 2006-cı il mayın 22-də Güney Azərbaycanda baş vermiş hadisələrin 7-ci ildönümünü qeyd etmək olub: “Ölkənin müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar yerli vaxtla saat 14:00-da əllərində bayraqlar və plakatlarla Böyük Britaniyanın Baş Nazirliyinin binasının qarşısına toplaşdılar. İki saat davam edən piketdə İran əleyhinə müxtəlif şüarlar səsləndirdik. Belə ki, “İranda mədəni soyqırıma son qoyulsun!”, “And ola Səttarxana, od vurarıq Tehrana!”, “Güney, Quzey bir olsun, İran gözün kor olsun!” kimi milli və siyasi məzmunlu Azərbaycan və ingilis dillərində şüarlar verdik. Eyni zamanda İranda həbsdə olan azərbaycanlı fəalların və jurnalistlərin fotolarını da nümayiş etdirməklə onların azadlığa buraxılmasını, orada yaşayan azərbaycanlıların ana dilində təhsil haqqının, ümumiyyətlə pozulan hüquqlarının təmin olunmasını tələb etdik”.

A.Yurdsevən əlavə edib ki, insidentsiz keçən piketin sonunda bəyanat oxunub: “Mayın 26-da isə Böyük Britaniyanın Lids şəhərində 2006-cı il 22 may hadisələrinin 7-ci ildönümü ilə bağlı İran əleyhinə aksiya keçirəcəyik”.

Qeyd edək ki, 2006-cı il mayında “İran” adlanan rəsmi qəzetdə azərbaycanlıların hamamböcəyinə bənzədilməsi kütləvi etirazlara səbəb olub. İran təhlükəsizlik qüvvələri aksiyaları yatırmaq üçün müxtəlif vasitələrdən, hətta odlu silahdan istifadə etməyə belə çəkinməyiblər. Nəticədə onlarla nümayişçi həlak olub, minlərlə insan həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR