Professor Zəki Kılıçaslan: “CHP həm soldan sağa, həm də soldan sola açılmalıdır” - MÜSAHİBƏ

Professor Zəki Kılıçaslan: “CHP həm soldan sağa, həm də soldan sola açılmalıdır” - <span style="color: red;">MÜSAHİBƏ
# 18 sentyabr 2014 14:16 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü, professor Zəki Kılıçaslanın APA-ya müsahibəsi

- 10 gün fasilə ilə həm iqtidar, həm də ana müxalifət partiyası fövqəladə qurultay keçirdi. Aradakı fərqlər barədə nə deyə bilərsiniz?

- AKP-nin qurultayında hər şeyin əvvəlcədən dizayn edildiyini hamı gördü. Sədrliyə əvvəlcədən müəyyənləşdirilmiş namizəd, demək olar ki, yekdilliklə seçildi və yeni hökuməti qurmaq vəzifəsi ona verildi. Baş nazir Davudoğlu CHP qurultayından sonra demişdi ki, Kılıçdaroğlu bizi yox, ona səs verməyən qurultay nümayəndələrini düşünsün. Elə isə CHP-də qurultay nümayəndələrinin önəmli qisminin Kılıçdaroğluna səs verməməsi demokratiyanın vacib göstəricisidir. CHP son dərəcə demokratik qurultay keçirdi, bu qurultay nümayəndələrin aktivliyi ilə yadda qaldı. Partiyanın Məclisinə keçirilən seçkidə sədrin göstərmədiyi 4 şəxs namizədliklərini irəli sürərək Məclis üzvlüyünə seçildilər, sədrin siyahısındakı 4 namizədə isə qurultay nümayəndələri səs vermədilər. Qurultayın gedişində nümayəndələrin fəallığı partiyanın yeni vitrininin formalaşmasında önəmli rol oynadı. Məncə, Türkiyədə demokratiya tək namizəd göstərib onu yekdilliklə seçən AKP qurultayında yox, nümayəndələrin fəallığı ilə yadda qalan CHP qurultayı sayəsində xeyli şey qazandı. CHP Türkiyəni quran partiyadır, “soyuq müharibə”dən sonra Türkiyədəki sağ siyasət, xüsusilə, son 12 ildə AKP bu köklü siyasət qurumunu “din düşməni” kimi göstərərək reytinq qazanırdı. Son qurultaydakı Məclis seçkisində nümayəndələr ən çox səsi keçmiş müfti, İstanbul millət vəkili İhsan Özkeşə verərək CHP-nin “din düşməni” kimi təqdim edilməsinin doğru olmadığını göstərdilər. Məncə, yeni dönəmdə CHP sağa doğru açılımlarını davam etdirməklə yanaşı, sola doğru açılımlarını da eyni cəsarətlə davam etdirəcək.

- Bunu bir az geniş şəkildə izah edə bilərsinizmi? Daha əvvəl islamçı partiyanın millət vəkili olmuş, qurultaydan sonra CHP sədrinin müavini vəzifəsinə gətirilmiş Mehmet Bekaroğlu ilə bağlı mübahisə və müzakirələr barədə sizin fikriniz nədir? Müəyyən müddətdən bəri siyasət səhnəsində Mehmet Bekaroğlu ilə birlikdə hərəkət etdiyinizi bilirik...

- Buna əmin ola bilərsiniz ki, Mehmet Bekaroğlu CHP-nin özündən daha çox solda olan bir şəxsiyyətdir.

- Necə yəni?

- Türkiyədə belə biri fikir formalaşdırılmışdı ki, siyasətdə sol düşüncəni təmsil edənlərin hamısı ateistdir, müsəlmanlar mütləq siyasətin sağ cinahında yer almalıdırlar. Bekaroğlu deyir ki, Türkiyədə seçki keçirilmir, müsəlmanlarla “kafirlərin” sayımı aparılır, müsəlmanların sayı çox çıxır... (Gülür). Biz sıravi xalqa bunu təlqin etməyə çalışırıq: siyasətin ən önəmli kriteriyası dürüstlük, şəffaflıq, vətəndaşların iqtisadi və siyasi azadlıqlarına hörmətlə yanaşmaq, din və məzhəb mənsubiyyəti üzərindən ölkəni qütbləşdirmək yox, ədalət kriteriyaları üzərindən bütün vətəndaşlara eyni məsafədə duraraq ölkəni idarə etməkdir. Vətəndaşlarımızla bu kriteriyalar üzərindən söhbət edəndə rəğbət qazandığımızı görürük. İhsan Əliaçık islam dininin vəhşi kapitalizmlə yox, bərabərlikçi sol dünyagörüşüylə barışıq olduğunu vurğulayır. Bu baxımdan Mehmet Bekaroğlunun CHP-də yüksək vəzifəyə gətirilməsini düzgün atılmış addım hesab edirəm. Hər bir yeni addımın, əlbəttə ki, riskləri var, ancaq inanıram ki, xalqımız CHP-dəki bu açılımları düzgün qavrayacaq. Türkiyə siyasəti, xüsusilə, sağ siyasət din və məzhəb üzərindən söyləmlərə son qoymalıdır. CHP-nin son qurultayının bu baxımdan çox önəmli olduğunu düşünürəm.

- Siz Türkiyədəki sosialist düşüncəni təmsil edən bir siyasət adamısınız. CHP-nin sosial söyləmlərdən uzaqlaşaraq “elit təbəqənin partiyası olması” da tənqid edilir, kasıb təbəqələr üzərindəki nüfuzun tamamilə AKP-yə keçdiyi (haqlı şəkildə) qeyd edilir. CHP yenidən sosialist sol söyləmlərini inkişaf etdirə biləcəkmi?

- Bu, CHP üçün hər şeydən vacib məsələdir. AKP-nin yaradılması türk mərkəz sağındakı siyasi çöküş nəticəsində mümkün oldu; ölkədə özünü “liberal” adlandıranlar da AKP-yə dəstək verdilər; qlobal imperializm AKP ilə yaxından əməkdaşlığa davam edir. Bu şəraitdə maddi gücü olmayan sosialistlərin yeni partiya yaratmaları mümkün deyil. Ölkədə meydana çıxan yeni gənclik hərəkatları da sosialist düşüncəni təmsil edən insanların daha güclü olmaları üçün müəyyən siyasi mərkəzin içində olmasını tələb edir. Mən bundan sonra CHP-nin sosialist söyləmlərə daha çox sahib çıxacağına əminəm. Hər gün xalqın arasında olub onun dərdlərinə çarə tapmaqla siyasi hərəkatı gücləndirmək mümkündür. Yeni dönəmdə CHP-nin xalqa daha çox yaxınlaşacağına inanıram. Digər tərəfdən, dindar təbəqələrlə də dialoq yolu daima açıq tutulmalıdır. Bir daha vurğulayıram ki, dindarlarla siyasi rabitə məzhəb üzərindən yox, sülh, gəlirin ədalətli şəkildə bölüşdürülməsi, ölkə idarəçiliyində şəffaflıq, bərabərlik məfhumları üzərindən qurulmalıdır. Məzhəb üzərindən siyasət Türkiyəni uçuruma aparır. Məncə, Türkiyə də daxil olmaqla, Orta Şərqdə dinlə bağlı ən böyük problem sələfilərin radikal dini cərəyanları başqa ölkələrin idarəetmə sisteminə montaj etməyə çalışmalarıdır. Demokratiyadan ən çox sələfilər qorxurlar, çünki demokratiya onların maddi mənafeyinə ziddir. Ölkə idarəçiliyində şəffaflıq istəyən saf və təmiz dindarlarla dialoq yaratmağın tərəfdarıyam. 2012-ci ilin yayında Misirdə seçki keçirildi, sələfilərin təzyiqi ilə prezident Mursi radikal addımlar atmağa başladı, ölkədə hərbi çevriliş baş verdi. Tunisdə Qannuşi ağıllı hərəkət etdi; seçkidən sonra təkbaşına hökumət qura bilərdi, ancaq bunu etmədi, ölkədəki bütün siyasi qüvvələri koalisiya hökumətinə ortaq edərək sələfilərə radikal təzyiq imkanı vermədi. Türkiyədə hər şey demokratik çərçivədə cərəyan edir, əsas məsələmiz radikal sələfi təsirini bu torpaqlardan uzaq tutmaqdır ki, bu nöqtədə də CHP-nin üzərinə böyük vəzifələr düşdüyünə inanıram. Azərbaycan və Orta Asiyadakı qardaş ölkələr də toplumları sələfi təsirindən uzaq tutmalıdırlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR