Tiflisdə “Gürcüstanda dinlər və erkən evlilik” mövzusunda forum keçirilib

Tiflisdə “Gürcüstanda dinlər və erkən evlilik” mövzusunda forum keçirilib
# 17 iyun 2016 20:46 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Tiflisdəki Müqəddəs Andria adına Gürcüstan Universitetdə “21-ci əsr” Mərkəzinin təşkilatçılığı ilə “Gürcüstanda dinlər və erkən evlilik” mövzusunda forum keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstan parlament sədrinin birinci müavini Manana Qobaxidze, parlamentin insan hüquqları və mülki inteqrasiya komitəsinin sədri Eka Beseliya, daxili işlər nazirinin muavini Arçil Talakvadze, elm və təhsil nazirinin müavini liya Qiqauri, BMT-nin Əhali Fondunun Gürcüstan üzrə nümayəndəsi Lela Bakradze, Gürcüstan əmək, sosial və səhiyyə nazirinin müavini Nino Berulidze, Patriarx Universitetinin rektoru Serqo Vardosanidze, Gürcüstan parlamentinin hüquq komitəsinin üzvü Zakariya Kutsnaşvili və başqaları çıxış edərək erkən evliliyin səbəb və nəticələrindən, Gürcüstanda erkən evliliyin qarşısının alınması yollarından və həyata keçirilən dövlət proqramlarından danışıblar. Çıxış edənlər qeyd ediblər ki, Gürcüstanda qanuna görə qız və oğlanın evlənməsi 16-17 yaş çərçivəsində təyin olunub. Ölkədə qız qaçırma və erkən evlənmə kriminal siyahıya daxil edilib və insan oğurluğu və zorakılıq maddəsi ilə eyni bənddə cəza nəzərdə tutulub.

BMT-nin Əhali Fondunun Gürcüstan üzrə nümayəndəsi Lela Bakradze çıxışında bu kimi hallarının ən çox azərbaycanlılar yaşayan Kaxeti və Kvemo Kartli bölgələrində qeydə alındığını bildirib.

Forumda çıxış edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov İslam dinində gənclərin yetkinlik çağına çatanda evlənməyin tövsiyə olunduğu bildirib: “İslam insan tələbatları ilə harmoniya təşkil edən ümumbəşəri dindir. Dinimizin qaynaqlarına görə, evlilik hisslərə deyil, ağıl və məntiqə tabe olaraq onun nəzarəti çərçivəsində olmalıdır. Çünki evlilikdə məqsəd cütlüyün xoşbəxtliyi, sağlam ailə sahibi olması, gələcəyə sağlam övlad bəxş etməsidir. Məhz belə evliliyə nail olmaq üçün də elm, tərbiyə, evdarlıq bacarığı, ailə təminatı və idarəetmə bacarığı əsas şərtdir.”

GMİ-nin şeyxi açıqlayıb ki, gələcəkdə forumun mövzusu ilə bağlı din xadimlərinin iştirakı ilə bölgələrdə də görüşlər keçirilməyi nəzərdə tutulub. Forumda dini icmaların təmsilçiləri, dövlət rəsmiləri, diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri, elm və ictimaiyyət xadimləri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR