Xorvatiya Prezidenti: “Bizim Rusiya-Ukrayna gərginliyinə aidiyyətimiz yoxdur”

Zoran Milanoviç

© APA | Zoran Milanoviç

# 25 yanvar 2022 17:18 (UTC +04:00)

Rusiya və Ukrayna arasında gərginlik artarsa, Xorvatiya regiona qüvvə göndərməyəcək və həmin regionda NATO tərkibindəki əsgərlərini geri çəkəcək.


APA-nın "RTL.hr" saytına istinadən xəbərinə görə, bunu jurnalistlərin Rusiya və Ukrayna arasında gərginlik artacağı təqdirdə Xorvatiyanı hansı mövqeyi tutacağı ilə bağlı sualına cavab olaraq bu ölkənin prezidenti Zoran Milanoviç deyib.


“Mən ordunun baş komandanıyam. NATO-nun qüvvələrini artırması, bəzi kəşfiyyat gəmiləri göndərməsi ilə bağlı bəyanatları izləyirəm. Bizim buna aidiyyətimiz yoxdur və olmayacaq. Mən buna söz verirəm. Xorvatiya nəinki qoşun göndərməyəcək, eskalasiyaya qədər sonuncu xorvat əsgərini regiondan geri çəkəcək", - o qeyd edib.

Xorvatiya Prezidenti Ukraynadakı vəziyyətin Ukrayna və ya Rusiya ilə heç bir əlaqəsinin olmadığını, ABŞ-ın “daxili siyasət dinamikası” ilə bağlı olduğunu və Bayden administrasiyasının beynəlxalq təhlükəsizlik məsələlərində qeyri-sabit və təhlükəli davranışının nəticəsi olduğunu vurğulayıb.

O, Rusiyanın təhlükəsizlik maraqlarını nəzərə alan tənzimləmə tapılacağını və Ukraynanın NATO-da yerinin olmadığını bəyan edib.

Milanoviç 2013-2014-cü illərdə Ukrayna Prezidenti Yanukoviçin hakimiyyətdən getməsini Avropa İttifaqının və hər şeydən əvvəl Vaşinqtonun təşviq etdiyi dövlət çevrilişi adlandırıb və əlavə edib ki, bunun demokratiya ilə əlaqəsi olmayıb.

Qeyd edək ki, Xorvatiya hərbçiləri NATO-nun Litvada və Polşadakı Rusiya sərhədlərindəki missiyalarında iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR