GÜNÜN ŞƏRHİ
NATO Parlament Assambleyasının İstanbulda keçirilən toplantısı zamanı Türkiyə prezidentinin belə ağır ittihamlar irəli sürməsi başadüşüləndir. Ərdoğanın ittihamları əslində iki istiqamətdə fərqli məqsədlər daşıyır.
Fikir versək, Türkiyə prezidentinin suçlamaları daha çox Avropa Birliyinə ünvanlanıb və bu məsələdə Ərdoğanı haqlı saymaq olar. O, hər dəfə gündəmə gətirdiyi və etiraz etdiyi məsələləri yenə dilə gətirib. Bu, Suriya və İraqdan qəbul edilən miqrantlar üçün Türkiyəyə dəstək məqsədilə ödənilməli olan məbləğin hələ də ödənilməməsi, Türkiyənin öz sərhədləri içində və ölkə xaricində mübarizə apardığı PKK-ya bəzi qitə ölkələrinin açıq dəstək göstərməsi və ölkə daxilində FETÖ ilə əlaqədə şübhəlilərin saxlanılmasının Avropada insan haqlarının pozulması kimi dəyərləndirilməsidir.
NATO-ya gəlincə, Türkiyə prezidentinin çıxışında açıq-aydın hiss olunur ki, Ankara Suriya və İraqda anti-terror əməliyyatlarını genişləndirmək üçün açıq dəstək istəyir. Prezident həm də Mosul və Rəqqa əməliyyatlarının PYD/YPG ilə bərabər deyil, türk ordusu ilə keçirilməsini istədiklərini deyir. Ərdoğanın Türkiyənin Şanxay Əməkdaşlıq təşkilatına üzv olacağı ilə bağlı açıqlamaları isə, ümumiyyətlə, Qərbə "sizə möhtac deyilik, Türkiyənin başqa alternativləri də var" mesajıdır...