BSU-da Mixail Lermontova həsr olunmuş tədbir keçirilib

BSU-da Mixail Lermontova həsr olunmuş tədbir keçirilib
# 13 mart 2017 11:25 (UTC +04:00)

Bakı Slavyan Universitetində (BSU) böyük rus şairi, dramaturq, rəssam Mixail Lermontova həsr olunmuş tədbir keçirilib.

BSU-nun mətbuat xidmətindən APA-ya bildirilib ki, BSU-nun Sankt-Peterburq Mərkəzi, Moskva Auditoriyası və Rus dili İnstitutunun təşkilatçılığı ilə baş tutan mərasimin əvvəlində Lermontovun həyatını əks etdirən slayd nümayiş olunub.

Tədbirdə çıxış edən tədris işləri üzrə prorektor, professor Telman Cəfərov dünya şöhrətli şairin bütün yaradıcılığı boyu Qafqaz xalqlarının folkloruna, o cümlədən Azərbaycan xalq ədəbiyyatına bəslədiyi dərin məhəbbətdən danışıb. T. Cəfərov qeyd edib ki, gənc yaşlarından şifahi söz sənətini böyük diqqət və həvəslə öyrənən şairin “Aşıq Qərib” dastanını bəzi dəyişiklərlə yazıb götürməsi və Azərbaycan dilini səy ilə öyrənməyə çalışması onun Qafqaz xalqlarına olan sevgisini sübut edir.

Sankt-Peterburq Mərkəzinin dosenti İrina Qədimova çıxışında vurğulayıb ki, Mixail Lermontovun yaradıcı irsi təkcə Rusiyanın deyil, bütövlükdə dünya mədəniyyətinin tərkib hissəsidir. İ.Qədimova Mixail Lermontovun şair, yazıçı, dramaturq olmaqla bərabər, istedadlı rəssam olmasından söz açıb.


Ədəbi-bədii məclisdə ümumi və rus dilçiliyi kafedrasının professoru Qalina Şipulina Lermontovun həyat və yaradıcılığı, keçdiyi kəşməkeşli yollar barədə iştirakçılara ətraflı məlumat verib. O bildirib ki, cəmi 27 il ömür sürən Mixail Lermontov olduqca maraqlı əsərlərə imza atıb. Q. Şipulina dahi şairin Qafqaza sürgün edilməsinin onun yaradıcılığına ciddi təsir etdiyini bildirib. O, Qafqazın gözəlliklərini onun ilham mənbəyi adlandırıb.


Tədbir çərçivəsində M.Lermontovun şeirlərinə bəstələnmiş mahnılar dinlənilib, BSU tələbələri şairin məşhur şeirlərini səsləndiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR