Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.
DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, bu istiqamətdə Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində rayonunun Siyakü kəndindəki meşəlik ərazidə 6 nəfər rayon sakininin yeyib-içmək məclisi düzəldərək xüsusi karantin rejiminin qaydalarını pozduğu müəyyən edilib. Həmin şəxslər saxlanılaraq Astara Rayon Polis Şöbəsinə gətiriliblər. Onlardan 3 nəfəri rayon məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunub, digərləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.