Bu ilin üç ayında baş verən yol qəzalarında 181 nəfər ölüb

Bu ilin üç ayında baş verən yol qəzalarında 181 nəfər ölüb
# 18 may 2020 12:08 (UTC +04:00)

2020-ci ilin yanvar-mart aylarında 421 və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz çox yol-nəqliyyat hadisəsi baş verib.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 15,5 faiz artaraq 559 nəfər olub. Onlardan 181-i həlak olub, 378-i isə yaralanıb. Hadisələrin 35,4 faizi gündüz, 39,4 faizi gecə, 25,2 faizi isə toran vaxtı baş verib, 30,9 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 88,8 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 33,0 faiz artaraq 133 nəfər, yaralananların sayı 5,4 faiz artaraq 350 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 47,3 faizi nəqliyyat vasitələrinin və piyadaların, 34,7 faizi bir neçə nəqliyyat vasitəsinin, 18,0 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 80,1 faizini, yaralananların isə 70,6 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 6 hadisə baş verib, nəticədə 1 nəfər həlak olub, 8 nəfər yaralanıb. Hadisələrin 50,0 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR