Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 14-də 2019/2020-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirib.
DİM-dən APA-ya verilən məlumata görə, imtahan nəticələri 15 iyul saat 16:53-dən etibarən Mərkəzin internet saytında yerləşdirilib.
İmtahanda iştirak etmiş hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.
İmtahanda iştirakı gözlənilən 447 namizədin hamısı imtahana gəlib. Namizədlərdən 351 nəfər müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50-dən, ümumi balı 90‑dan az olmayan) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.
II mərhələ üzrə ən yüksək nəticə toplanıla biləcək maksimal 100 baldan 89 bal olub. Hər iki mərhələ üzrə ən yüksək nəticə isə toplanıla biləcək maksimal 200 baldan 173 bal olub.
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi iyulun 16‑dan 22‑dək aparılacaq. Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən (səh. 5-7) seçib təsdiq etməlidirlər.