"OPEC+" (Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində neft hasilatını gündə 10 mln. barel azaltmaq qərarı qiymətlərin artımı üçün kifayət etməyəcək.
"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə "Goldman Sachs"ın analitikləri bildirib.
Məlumata əsasən, iri neft istehsalçıları arasında hasilatı gündə 10 mln. barel azaltmaq barədə sövdələşmə bir tarixidir, lakin bu göstərici problemi aradan qaldırmaq üçün kifayət etmir.
Bank analitikləri hələ də qarşıdan gələn həftələrdə əmtəə qiymətlərinin azalacağını gözləyirlər, çünki neft anbarları koronavirusun yayılması və bununla bağlı məhdudiyyətlərə görə tələbin azalması səbəbindən çox tez dolur.
Xatırladaq ki, 9 apreldə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılması barədə qərar qəbul edilib.
"Əməkdaşlıq Bəyannaməsi"nə edilmiş düzəlişlərə əsasən, Meksikanın hasilat kvotaları may-iyun aylarında 400 min barel əvəzinə 100 min barel müəyyənləşdirilib. Meksikanın öhdəliyinin digər qismini kompensasiya etmək üçün ABŞ-ın öz hasilatını əlavə olaraq 300 min barel azaltması ilə razılaşıb. Bununla da "OPEC+" üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln. barel (10 mln. barel əvəzinə) azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib.
Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barel azaltmalı olacaq. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır.