"ABŞ-ın Azərbaycana yatırdığı sərmayələrin həcmi iqtisadiyyatın neft-qaz sektorunda 12,8 mlrd. dollar olmaqla, ümumilikdə, 14 mlrd. dollara çatıb".
İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) və Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azərbaycan") birgə təşkilatçılığı ilə video-konfrans formatında keçirilən görüşdə deyib.
Nazirin sözlərinə görə, ABŞ Azərbaycanda ikinci ən böyük investordur. Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı, tikinti, xidmət və digər sahələrdə 257 ABŞ şirkəti fəaliyyət göstərir.
Xarici ölkələrin təcrübəsi, investisiya sahəsində müasir tendensiyalar və sərmayə sazişlərinin praktikası, Beynəlxalq Maliyyə Korporasiyasının ekspertlərinin rəyləri nəzərə alınmaqla "İnvestisiya fəaliyyəti haqqında" yeni qanun layihəsinin hazırlandığını diqqətə çatdıran İqtisadiyyat naziri "AmCham Azərbaycan"ın da prosesə önəmli töhfə verdiyini qeyd edib.
O həmçinin ölkədə tikinti, dağ-mədən, neft-kimya, rəqəmsal iqtisadiyyat, nəqliyyat, ticarət və logistika, telekommunikasiya, kənd təsərrüfatı və emal sənayesi, turizm sektorlarının inkişafı prioritet istiqamətlər olduğunu bildirərək, ABŞ şirkətlərini bu sahələrdə investisiya imkanlarını nəzərdən keçirməyə dəvət edib.
Mikayıl Cabbarov Azərbaycanda iqtisadiyyatın rəqəmsallaşdırılmasının hədəf kimi müəyyən edildiyini, Davos İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı üzrə regional mərkəzinin Bakıda yaradılmasının önəmini, rəqəmsal iqtisadiyyatın qurulması sahəsində Azərbaycanın ABŞ-la əməkdaşlığa hazır olduğunu bildirib.
Ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini bildirən ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer Azərbaycanda uğurlu iqtisadi siyasət həyata keçirildiyini, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində həyata keçirilən islahatların əhəmiyyətini, ölkəmizin cəlbedici turizm resurslarını qeyd edib, pandemiya ilə mübarizədə və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
Görüşdə biznes dairələrini maraqlandıran məsələlər üzrə müzakirələr aparılıb.