Prezident İlham Əliyevin XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti (AXC) tərəfindən qəbul edilmiş qərarlar və Ermənistan tərəfindən süni şəkildə Azərbaycan mənşəli yer adlarının dəyişdirilməsinə dair çıxışından irəli gələn məsələlərin icrasını təmin etmək məqsədilə AMEA-nın iclası keçirilib.
AMEA-dan APA-ya bildirilib ki, tibbi maskadan istifadə və sosial məsafə gözlənilməklə baş tutan tədbirdə AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, həmçinin Tarix, Dilçilik, Qafqazşünaslıq, Arxeologiya və Etnoqrafiya, Memarlıq və İncəsənət, Hüquq və İnsan Haqları, Coğrafiya, Torpaqşünaslıq və Aqrokimya institutlarının rəhbərləri iştirak ediblər.
İclasda "XX əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi şərait və Qərbi Azərbaycanla əlaqədar məsələlərin elmdə əksi və qarşıda duran məsələlər" mövzusunda çıxış edən akademik İsa Həbibbəyli ölkə başçısının çağırışlarından irəli gələrək AMEA-da bir sıra tədbirlərin həyata keçirilməsinə başlandığını bildirib. Qeyd edib ki, AXC parlamentinin stenoqramları, Çar Rusiyasının, Osmanlı İmperiyasının, İranın və Avropanın arxivləri əsasında Qərbi Azərbaycanın, İrəvanın, eləcə də Dağlıq Qarabağın tarixi, arxeologiyası, toponimləri, demoqrafiyası, xəritəsi, geosiyasi vəziyyəti, memarlıq abidələri, ədəbiyyatı, hüquqi aspektləri və s. istiqamətlərdə sistemli tədqiqatların aparılması nəzərdə tutulur.
Tədqiqatların dörd istiqamət üzrə həyata keçiriləcəyini deyən akademik İsa Həbibbəyli İrəvan şəhəri, bəylərbəyliyi, xanlığı, quberniyası, erməni vilayəti və Ermənistan dövlətinə qədərki dövrü tam əhatə edən araşdırma işinin hazırlanacağını və bir kitabda öz əksini tapacağını diqqətə çatdırıb. Akademik, həmçinin İrəvanın Ermənistana güzəştə gedilməsinin detallarının tarixi sənədlərə əsaslanaraq geosiyasi aspektlərdən obyektiv tədqiq olunacağını vurğulayıb.
Qərbi Azərbaycanın, İrəvanın, Dağlıq Qarabağın toponimlərinin sistemli və məqsədli şəkildə erməniləşdirildiyini, yerli əhalinin məcburi şəkildə deportasiya olunaraq boşalan ərazilərə ermənilərin köçürüldüyünü deyən AMEA-nın birinci vitse-prezidenti dilçi, tarixçi və coğrafiyaşünas alimlərin bu məsələlərə toxunmasının zəruriliyini söyləyib. Məruzəçi, həmçinin sözügedən bölgələrlə bağlı Çar Rusiyası dövründə çap olunmuş və aşkara çıxarılmış tarixi xəritələrin yenidən tədqiq olunacağını bildirib.
Akademik tədqiqatların nəticəsinin üç kitabda öz əksini tapacağını və rus, ingilis dillərinə tərcümə olunaraq beynəlxalq müstəvidə təbliğatının aparılacağını deyib.
İsa Həbibbəyli təkliflərin ümumiləşdirilərək AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevə təqdim olunacağını və vahid iş planının müəyyənləşdiriləcəyini söyləyib.