Bakının Binəqədi rayonunda ümumi sahəsi 22360 kvadratmetr olan “EuroHome” tikinti materialları bazarının 3300 kvadratmetr ərazisi yanıb.
Bu barədə APA-ya nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov bildirib.
F.Əsədovun sözlərinə görə, digər ərazi yanğından mühafizə olunub.
Əraziyə FHN-in 32 texnikası, 145 nəfər şəxai heyət cəlb edilib.
***
01:08
Bakının Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarında baş verən yanğın söndürülüb.
Bu barədə APA-ya Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bildirib.
Nazir müavini qeyd edib ki, artıq yanğın söndürülüb: "Hazırda ərazidə soyutma işləri aparılır. İlkin məlumata görə, yanğın bazarın birinci mərtəbəsinin 3500 kvadratmetr ərazisini əhatə edib".
***
00:38
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Binəqədi rayonunda yanğının baş verdiyi əraziyə gəlib.
APA-nın müxbirinin hadisə yerindən verdiyi xəbərə görə, nazir yanğının baş verdiyi əraziyə baxış keçirib, yanğının söndürülməsi üçün görülən işlərlə tanış olub.
***
23:38
Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Binəqədi rayonunda yanğının baş verdiyi əraziyə gəlib.
APA-nın müxbirinin hadisə yerindən verdiyi xəbərə görə, yanğınla bağlı ilk məlumat alınanda ikinci dərəcəli çağırış verilib.
Hadisə ilə əlaqədar ərazidə qərargah yaradılıb. Mağaza sahibləri mallarını çıxarmağa cəhd göstərirlər.
***
23:20
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.
FHN-dən APA-ya verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.