Aprelin 18-də saat 13:33-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 13:41-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tərtər rayonu, Çaylı kəndində əkin sahəsinin kənarında 2 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən APA-ya verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Tərtər rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Tərtər Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Tərtər rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 82 mm-lik minaatan mərmisi (O-832) və 1 ədəd tərkibində partlayıcı maddə olmayan tank əleyhinə idarə olunmayan PQ-7 raketinin motor hissəsi (boş) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Minaatan mərmisinin və raketin ətrafında 200 kvadratmetr əraziyə yerüstü, 50 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.